intertv.az
intertv.az

SUMQAYITDA UCALAN QÜRURUMUZ, PARLAYAN AND YERİMİZ - VİDEO

17-12-2021, 15:56 99 705 dəfə baxılıb

SUMQAYITDA UCALAN QÜRURUMUZ, PARLAYAN AND YERİMİZ - VİDEO




Azərbaycan - Min illiklərin milyon zülmündən, əsarətindən, işğalından xilas olaraq bu günə qədər ayaq üstə dayanan ODLAR YURDUM. Şanlı vətən, doğma ölkə, qüdrətli xalqın sığınan ocağı – Azərbaycan.
Illərdir qarış-qarış torpağını işğal edən düşmənlərə 44 günlük Vətən müharibəsində necə oğullar yetişdirdiyini göstərmiş oldun. Mərd vətəndaşların, cəsarətli xalqın həmrəyliyi ilə Zəfər Gününü bayram etdin. Doğma Qarabağın 30 illik həsrətinə son qoymaqla, zaman- zaman düşmən tərəfindən şəhid edilmiş qəhrəman övladlarının, Xocalıda qətlə yetirilmiş körpələrin, ana və bacıların qisasını aldın. 44 günlükVətən Müharibəsini Şanlı tarixinə Zəfər Bayramı kimi yazmaqla gələcək nəsilə bir Qəhrəmanlıq dastanı nəsib etdin.
Vətən müharibəsində Azərbaycan – Sənə bu zəfəri bəxş edən igidlərinin yatdığı məkanlarda Ucalan simvolun – üçrəngli bayrağın dalğalanır. Və hər birimizin ziyarətgahına çevrilən Şəhidlər Xiyabanı indi bizim qürur yerimiz, anılan doğma məkanımızdır.
Bir neçə gün öncə belə and yerimizdən, səcdəgahımızdan biri də istifadəyə verildi. 1992 – ci ildə Sumqayıt şəhərində yaradılan 510 şəhidimizin dəfn olunduğu səcdagahımız 2021 – ci ildə hörmətli iş adamı Müqayis Verdiyevin və şəhər rəhbərliyinin əməyi nəticəsində yenidən əsaslı təmir olundu və 8 noyabr Zəfər Günündə işlər yekunlaşdı. 30 metr hündürlüyündə dalğalanan bayrağımızın bərkidildiyi dirək ilk olaraq Sumqayıt Şəhidlər xiyabanında quraşdırılıb. 2021 – ci il iyun ayında əsaslı təmirə başlayan İş adamı Müqayis Verdiyevi bəziləri qınamışdı – Zəfər bayramında anılan yerimiz təmirə bağlı qalacaq - deyənlər az olmamışdı. Müqayis müəllimə süni əngəllər yaratmaqdan çəkinməyənlər sumqayıtlılar arasında ucuz təbliğat da aparmış deyildilər. Onların saydıqları, istəkləri məhz 8 noyabr Zəfər günündə puç oldu, bədbin niyyətləri ait-üst edildi. 4 ay dayanmadan, gecə-gündüz davam edən təmir işləri, Müqayis Verdiyevin yuxusuz gecələri bəhrəsiz qalmadı və Sumqayıtlılar Zəfər günündə qürür mənbəyimiz olan Şəhidlər xiyabanında qəhrəman övladlarımızın məzarlarını ziyarət etdilər, 30 metr hündürlükdə dalğalanan üçrəngli bayrağımızı qürurla qarşıladılar.
İş adamının 4 ay müddətində ərsəyə gətridiyi Şəhidlər Xiyabanında təmir işlərində 118 vətəndaşımızın əməyindən istifadə olunub. 14 hektar ərazisi olan xiyabanın giriş hissəsində, pastament üzərində Şəhidlər Xiyabanı yazılıb. 30 metr dirəkdə Azərbaycan bayrağı dalğalanır. Ətrafı mərmərlə üzlənən böyük fəvvarə kompleksi, 3 ədad ay – ulduz formalı əbədi məşəl kompleksi yaradılıb. Şəhidlər Xiyabanının mərkəzində Vətən müharibəsinin qalib əsgəri simvolunu özündə əks etdirən heykəl ucaldılıb. Divarları mərmər və qranitlə üzlənən Zəfər ağacı xiyabana fərqli görünüş verməkdədir. Xiyabanda yaşıllıqlar salınıb, ərazi yüksək keyfiyyətli qranitlə döşənib. Müasir oturacaqlar quraşdırılıb, işıqlandırma peşəkarlar tərəfindən yüksək keyfiyyətlə aparılıb. Sumqayıt Şəhidlər Xiyabanında inzibati otaq da istifadəyə verilib.
İş icraçısı Müqayis Verdiyev bildirib ki, Şəhidlər Xiyabanında iş tam yekunlaşıb və əsaslı təmir başa çatıb. Müqayis Verdiyev qeyd edib ki, Şəhidlər Xiyabanının bu cür əsaslı təmiri və işlərin tez bir zamanda yekunlaşmasına sumqayıtlıların da böyük mənəvi dəstəyi olub. Sumqayıtlıların, Şəhər rəhbərliyinin böyük dəstəyinə və iş adamları Oruc Məmmədovun, Mirəziz müəllimin köməkliyinə görə minnətdarlığını ifadə edən Müqayis Verdiyev bildirib ki, Ölkəmizdə şəhid ailələrinin, qazilərin sosial müdafiəsinin təmin edilməsi məsələləri cənab Prezident İlham Əliyevin və hörmətli birinci vitse – prezident Mehriban xanım Əliyevanın daim diqqətindədir: “Biz də bacardığımız işlərlə Dövlət başçısınının siyasətinə dəstək verməliyik. Allah Şəhidlərimizə rəhmət eləsin” – deyə iş icraçısı fikirlərini tamamlayıb.
Qeyd edək ki, iş adamı Müqayis Verdiyevin Sumqayıt şəhərinin gözəlləşdirilməsində böyük əməyi var. Onun təcrübəsi sayəsində Sumqayıt Bulvarı müasir tələblərlə yaradılıb və istifadəyə verilib. Bununla yanaşı şəhərin girişinin göz oxşamasının səbəbkarlarından biri də Müqayis müəllimdir.
Xatırladaq ki, Sumqayıt şəhərinin gəncləri də Vətən müharibəsində fəal iştirak ediblər. 1200 sumqayıtlı vətən müharibəsinin iştirakçısı, onların 400 nəfəri isə Qarabağ qazisidir.
510 şəhidi olan Sumqayıt sakinlərinin və şəhərə təşrif buyuran qonaqların indi ziyarət edəcəkləri qürur yerimiz var. İstərdik ki, digər şəhər və rayonlarımızda da Şəhidlər Xiyabanı Sumqayıtda olduğu kimi əsaslı təmir olunsun və insanlarımız üçün ziyarətgaha çevrilsin.
Allah ŞƏHİDLƏRİMİZƏ rəhmət eləsin!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA