intertv.az
intertv.az

“Yaşıl Dəhliz” sistemi kimlərə “yaşıl işıq” yandırır? – “Gömrük sxemi”nin izi ilə...

25-06-2021, 15:40 48 875 dəfə baxılıb

“Yaşıl Dəhliz” sistemi kimlərə “yaşıl işıq” yandırır? – “Gömrük sxemi”nin izi ilə...


2016-cı ilin avqust ayında Azərbaycanın gömrük sistemində “Yaşıl Dəhliz” buraxılış sistemi istifadəyə verildi. Prezident İlham Əliyevin həmin ilin may ayında imzaladığı fərmanla qüvvəyə minən bu sistem qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etmək məqsədinə xidmət edir. Rəsmi açıqlamada belə deyilir.

Qeyd edək ki, “Yaşıl Dəhliz”dən istifadə etmək istəyən idxal və ixrac iştirakçıları üçün vahid qaydalar müəyyən edilib. Həmin qaydalara görə, vergi hesabatlarını Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə təqdim edən, vergiləri tam həcmdə və vaxtında ödəyən, muzdlu işçilərininin sayını və əmək haqlarını düzgün bəyan edən, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına əsasən aparan, gücləndirilmiş elektron imzaya sahib olan və yazışmaların elektron şəkildə aparılmasına üstünlük verən, saxta sənədləri qəbul və təqdim etməyən, son 3 il ərzində iqtisadi sahədə cinayətin törədilməsinə görə barəsində cinayət təqibi aparılmayan istənilən sahibkar bu sistemdən istifadə edə bilər.

Xüsusi olaraq vurğulanır ki, vergi ödəyicisi partnyor vergi ödəyici statusunun əldə olunması üçün vergi orqanlarına müraciət etdikdə, həmin müraciət vergi orqanlarının müvafiq struktur vahidi tərəfindən araşdırılır, vergi ödəyicisinin fəaliyyəti göstərilən meyarlara uyğun gəldiyi halda ona “Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə” bildiriş verilir.

Əslində nəzəri cəhətdən hər şey qaydasındadır. Hətta ideal da saymaq olar. Bu səbəbdən “Yaşıl Dəhliz” gömrük buraxılış sisteminin istifadə verilməsi sahibkarlar arasında böyük ümidlər yaratmışdı. Lakin təəssüflər olsun ki, bu dəfə də gözləntilər özünü doğrultmadı. Nəzərə alanda ki, gömrük sisteminin şəffaflaşdırılması istiqamətində atılan addımlar əksər hallarda effektiv nəticələrə gətirib çıxarmır, bu xüsusda “Yaşıl Dəhliz”in də korrupsiya maşınının təsir zolağına düşəcəyi gözlənilən idi.

Üzərindən beş ildən artıq zaman keçsə də, bu müddətdə “Yaşıl Dəhliz”dən qanunda istinad edildiyi kimi, vergi intizamı olan sahibkarlar deyil, Dövlət Gömrük Komitəsi və onun alt strukturlarına daxil olan təsisatların rəhbərləri faydalandılar. Necə ki, şəffaf idarəetməyə keçidini təmin etmək məqsədilə tətbiq edilən "Bir pəncərə", "Elektron bəyannamə" sistemləri yalnız bir qrupun maraqlarına xidmət etmişdi, “Yaşıl Dəhliz” sistemi də işbazlar üçün vasitə oldu.

Bu sistem nəinki dövlətlə sahibkarlar arasında sağlam münasibətlərinin formalaşmasına, idxal-ixrac əməliyyatları şəffaflığa təkan verdi, əksinə, uzun müddət “sağmal inək” kimi ölkə büdcəsini talayan “gömrük fırıldaqçılarına” əlavə imtiyazlar tanıdı.

Mexanizm sadədir: Dövlət müəyyən güzəştlər tətbiq edir və sahibkar ondan yararlanırsan.

Bizimxeber.az bildirir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin, Bakı şəhər Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun ətrafında onlarla şirkətlərin olduğu, “Yaşıl Dəhliz” də daxil olmaqla bütün mütərəqqi yeniliklərdən faydalanmaq üçün yalnız onlara “yaşıl işıq” yandırılması, kənarda qalan əksər sahibkarların hüquqlarının pozulması, onlara süni əngəllər yaradılması barədə dəfələrlə deyilib də, yazılıb da. Bir daha təkrar etmək bəlkə də yerinə düşər.

Faktiki olaraq yalnız sözügedən şəxslərin öz şirkətləri “Yaşıl Dəhliz” sistemindən yararlanırlar. Yerdə qalan şirkətlərə isə əlavə ödənişlər ödətdirilir, incidirilir, malları günlərdə gömrükdə saxlanılır və sairə. Nəticədə dövlər büdcəsinə külli miqdarda ziyan vurulur, doğru-duğzün vergi ödəmələri həyata keçirilmir.

Bunun necə həyata keçirdildiyinə, detallarına qədər mətbuatda və sosial şəbəkələrdə məqalə və məlumatlar tirajlanıb. Bu səbəbdən bu barədə yenidən yazmağa da ehtiyac yoxdur. Necə deyərlər: “Görünən dağa nə bələdçi”.
İdxal və ixrac əməliyyatlarında iştirak edən sahibkarlar deyir ki, gömrük onlar üçün “qorxulu yuxud”dur.

Bu halda dövlət bu sistemləri, o cümlədən “Yaşıl Dəhliz” sistemini nədən ötrü qəbul etmişdi: Rəsmiyyətdə vergi intizamı olan iş adamlarının, əslində isə gömrük fırıldaqçılarının mənafeyini təmin etmək üçünmü?!. Ortaya çıxan mənzərə budur”.

“Yaşıl Dəhliz” sistemi kimlərə “yaşıl işıq” yandırır? – “Gömrük sxemi”nin izi ilə...


Sahibkarlar əlavə edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac idarəsinin rəisi Azər Məmmədov da porosesin içindədir: “Deyə bilmərik ki, bu məsələdə Səfər Mehdiyev, Kənan Məmmədov və digər gömrük məmurları ilə onu hansı maraqlar birləşdirir?

Ancaq dəqiq bilirik ki, idarə rəisi olaraq bu prosesə göz yumur. Uzun müddətdir deyirlər ki, Dövlət Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə birləşdiriləcək. Lakin bir halda ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məsələyə məsul məmuru bu miqyasda qanunsuzluğun hökm sürməsinə müşahidəçi qalıb və ya dəstək verirsə, bu halda birləşmə olsa belə, gömrük özbaşınalıqlarının aradan qalxmayacağı qənaətini formalaşdırır. Halbuki, birləşmə məsələsinin özü də dəqiq deyil”.

Xüsusi olaraq qeyd edək ki, bu kimi şirkətlərin ölkəyə gətirdikləri mallara diqqətli baxış keçirilmir, "plomb"lanma edilmir, nəzarət olunmur. Bu daha ciddi məqamdır. Xarici ölkələrdən gələn, yaxud ölkəmizdən keçib gedən məhsullara ciddi nəzarət olunmalıdır, məhsulun nə olduğu araşdırılmalıdır.

Təəsüflər olsun ki, “Yaşıl Dəhliz” sistemindən istifadə edən bu şirkətlərin mallarına nəzarət olunmur. Cənab Səfər Mehdiyev bu barədə də düşünməlidir. Çünki, gömrük həm də ölkəmizə qanunsuz malların girişinə nəzarət etməli olan qurumdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA