Tarix : 8-06-2018, 07:14 | Bölmə: medeniyyet |
Namiq Məna: "Şagirdlərə izah etdim ki, onlar telefonla səhərə qədər mesajlaşıblar, danışıblar" — MÜSAHİBƏ














Yazıçılar Birliyinin Qubadlı Regional Bölməsinin rəhbəri, bədihəçi Namiq Məna "Ölkə.Az"ın suallarını cavablandırıb.
- Yazıçılar Birliyinin Qubadlı Regional Bölməsinin rəhbərisiniz. İstərdim əvvəlcə rəhbərlik etdiyiniz bölmənin yeniliklərindən danışaq.

- Bildiyiniz kimi son zamanlar Azərbaycan Yazıçılar Birliyinin Qubadlı Regional Bölməsi yaradılıb. Bu bölmə dörd rayonu-Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanı əhatə edir. Fürsətdən istifadə edib bu bölmənin yaradılmasında böyük zəhməti olan Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimə, eyni zamanda Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqova təşəkkürümü bildirirəm. Bu insanların çox böyük zəhməti sayəsində rəhbərlik etdiyim bölmə ərsəyə gəldi və neçə-neçə insanların sevincinə səbəb oldu. İlk vaxtlarda müəyyən insanlar tərəfindən tənqidlər səsləndirildi. Heç bir tənqidə fikir bildirmədim və hamısına hörmətlə yanaşdım. Ancaq bəzi insanların yerinə olsaydım, heç olmasa dörd-beş ay gözləyərdim, fəaliyyəti təhlil edib, fikir söyləyərdim.

- Ən çox tənqidə səbəb olan məqam meyxanaçının Yazıçılar Birliyində post tutması idi...

- Orta məktəbi əla qiymətlərlə bitirmişəm, Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinin məzunuyam. Müəyyən vaxtlarda bu janr barədə qısqanc fikirlər olub. Bədihə-bədahəyən şeir söyləmək janrının çox qədim kökləri var. Orta məktəb dərsliklərinə nəzər yetirsək, Vaqiflə Vidadinin, həmçinin aşıqların deyişmələri olub. Bədihə janrı əruza yaxındır. Bədihəyə aşıq janrı tərəfdən baxsaq, dediklərimiz qoşmadır. Yəni, gördüyünü o saat qoşursan. Məsələn, aşıq janrında tərifə gözəlləmələr, bədihədə mədhiyyələr deyirlər.

- Yəni, tərif qafiyələrini nəzərdə tutursunuz...

- Bəli, elədir.

- İndi görülən işlərdən danışaq. Tənqid edənlərə hansı işlərə cavab verdiniz?
- Bölmə yaradıldığı gündən "Youtube" kanalımız yaradılıb, digər sosial şəbəkələrdə yetərincə aktivik. Demək olar ki, hər həftə iki dəfə tədbirimiz olur. Çox geniş zalımız var. Binamız Qubadlı rayon maliyyə və təhsil şöbələrində yerləşir və buna görə də təşəkkürümü bildirirəm. Zalımız isə yüz nəfər qədər tutuma malikdir. Eyni zamanda Sumqayıtda dörd yüz nəfər tutumu olan "28 May" zalımız var. Ümumiyyətlə, Sumqayıt Poeziya eviylə sıx əməkdaşlıq edirik. Nəzərə alsaq ki, Sumqayıtda Qubadlı, Zəngilan, Kəlbəcər və Laçından olan soydaşlarımız çoxdur, bizə yetərincə insanların müraciət etdiyimi söyləməyim qəribə görünməz. Sizə bir fakt deyim. Xasay Cahangirov əslən Qubadlıdandır və çox gözəl şair olub. Allah ruhunu şad eləsin, həyat yoldaşı Solmaz xanımı salamlayıram, özü də şeirlər yazır, filoloqdur, ziyalı insandır. Xasay Cahangirovun yaradıcılığıyla tanış olandan sonra təssüfləndim ki, niyə onun yaradıcılığına həsr edilmiş tədbir keçirməyə gecikirik? Çox yüksək səviyyədə tədbir keçirildi. Onun şeirləri mən də daxil olmaqla, xeyli insanı kövrəltdi. Çünki şeirlərində bədii poetik ifadə vasitələri hər beytində, misrasında fəlsəfi yüküylə insanı cəlb edir. Qubadlının ziyalılarıyla yanaşı, tanınmış qələm adamları da yetərincədir. Bildiyiniz kimi Süleyman Rəhimov müxtəlif vaxtlarda üç dəfə Yazıçılar Birliyinin sədri olub. Elə insanlarla görüş keçiririk ki, Yazıçılar Birliyinin üzvü olmasalar da, yetərincə istedadlıdırlar.

- Həmin insanların çap olunmağına dəstək olursunuz?

- Bəli, dəstək oluruq. Çardaqlı tam orta məktəbinin direktoru Çingiz müəllimin çox gözəl tədqiqatları, şeirləri, publisistik yazıları var. Onun kitabı yaxın günlərdə bizim bölmənin dəstəyi ilə işıq üzü görəcək. Xeyli gənclərdən də müraciət almışıq. Sədrimiz Anar Rzayevin də tövsiyyəsi budur ki, orta məktəbdən şagirdləri ədəbi mühitə cəlb etmək lazımdır. Biz şeirlərin əsasında səhnəciklər qururuq.

- Bildiyimə görə başqa bir vəzifəniz də var...

- Mədəniyyət Nazirliyinin Sumqayıt Regional İdarəsinin əməkdaşıyam. Orta məktəbə keçirdiyimiz görüşlər barədə məlumat vermək istəyirəm. Şeir, hekayə yazan, bədii qiraətə meyli olan şagirdləri cəlb edirik. Baxıram ki, onlarda aktyor sənətinə də meyl var. Şeiri obrazılı şəkildə çatdırmaq daha təsirli olur. Məsələn, şeirlər üzərində səhnəciklər qururuq. Tamaşaçıların 30-40 nəfəri kövrəlir. Xüsusən sevgi şeirləri insana tez toxunur. Səkkiz-doqquzuncu sinif şagirdləri arasında əndazədən kənara çıxmamaq şərtilə sevgiylə bağlı mövzu qoymuşduq. Qubadlıdan olan şair Mürvət Qədimoğlunun iki şeirini götürmüşdük və özü də orada iştirak edirdi. Şeirlərdən biri "Məni o günlərə qaytarma daha", digəri "Məni bu sevdadan qoru, ilahi" adlanırdı. Mən özüm də o səhnəciyə baxıb kövrəlmişdim. Deməli, iki insan bir-birini dəlicəsinə seviblər, dəniz sahilində gəziblər. Şagirdlərə izah edirdim ki, onlar telefonla səhərə qədər mesajlaşıblar, danışıblar. Belə izah etdim ki, obraza girə bilsinlər. Axırda elə olub ki, oğlan da, qız da istəmədiyi insanlarla ailə qurublar. Hər ikisi bir-birini unutmaq üçün intihar səviyyəsinə qədər çatıblar, psixoloqun vasitəsiylə sakitləşiblər. Bir müddət keçəndən sonra qarşılaşırlar və qız əsməyə başlayır. Və orada deyir ki, məni bu sevdadan qoru, ilahi. Oğlan da deyir ki, məni o günlərə qaytarma daha. Qız sonda dəli olur.

- Bunları həmin şair yazıb?

- Ssenarini və rejissoruluğu özüm etmişdim. Şeiri açıb, səhnəciyə çeviririk. Sizi inandırım ki, əməkdar mədəniyyət işçimiz Əşrəf Veysəlli, professor Rafiq Yusifoğlu da orada kövrəlmişdilər. Bir neçə gün öncə də Laçından olan şair İlham Qurbanoğluyla görüş keçirdik. Orada da bir səhnəcik göstərildi. Motiv belədir ki, oğlan iyirmi beş ildir ölkədən gedib, Rusiyada yaşayır və anası burada tənhadır. Orada bir qadına bağlanıb qalır Rusiyada. Ana da burada görür ki, qonşuda kimsə dünyasını dəyişdi, cənazəsini yerdən götürən oldu və öz gələcəyini gözü qarşısına gətirir. Səhnəcikdə göstərilir ki, oğlan özünü birtəhər hiss edir və yuxuda anasını gördüyünü deyir. Rus qız əsəbləşir ki, bəsdir də, yenə ananı görmüsən. Həmin məqamda səhnəyə ahıl bir qadın daxil olur. Həmin səhnəcik də çox təsirliydi.
(Reytinq:0)