Tarix : 5-06-2018, 06:35 | Bölmə: gundem, bolge |
Əhmədzadənin qumarbaz kadrı balası komada olan işçini çörəksiz qoydu: “Allah götürməz…”















11 ildir Salyan Suvarma Sistemləri İdarəsində çilingər işləyən Aqil Həsənov və atası Baloğlan Həsənov tükürpədici məmur özbaşınalığı ilə üzləşib

FİA.Az-a məktub yazan A.Həsənovun sözlərinə görə idarə rəisi Tahir Yusifov onu işdən qovmaqla təhdid edir.

“İşdə olanda qəfil mənə evdən zəng gəldi ki, qızım Nurayın halı pisləşib, özünə gəlmir, Salyan xəstəxanasına aparılıb.

Mən müdirdən icazə istəyəndə qayıtdı ki, “dədə-bala ikinizi də rədd edəcəm”. Bu sözdən sonra məcbur özüm ərizəmi yazıb işdən çıxdım.

Çünki qızım xəstəxanada koma vəziyyətindədir, idarə müdiri məni işdən çıxarmaqla qorxudur. Bunu Allah götürməz”.

Onun sözlərinə görə, hazırda övladının müalicə xərclərinə xeyirxah bir insan kömək edir və çarəsiz durumda qalıb:

“İkinci kurs müalicəni özüm etməliyəm. Tahir Yusifovun ucbatından işsiz¸çörəksiz qalmışam, bilmirəm nə edim. Mən bu ölkənin vətəndaşıyam və nə pul, nə iş tapıram, övladım isə xəstəxanada canı ilə çəkişir”.

Salyan Suvarma Sistemləri İdarəsi rəisinin bu hərəkəti sosial şəbəkələrdə də yayılıb və qəzəb doğurub. Cəmiyyət idarə rəisini lənətləyib.

Eyni zamanda “Su və Meliorasiya Təsərrüfatı” ASC sədri Əhməd Əhmədzadəyə suallar yağdırılıb ki, belə bir cins məmuru niyə vəzifədə saxlayıb? Nə üçün belələri hələ də hegemonluq etməlidir?

Həmçinin, kasıb, işsiz bir adamın övladına Salyan xəstəxanasının pullu xidmət göstərməsi də ayrıca mövzudur ki, Səhiyyə Nazirliyinin vecinə də deyil.

FİA.Az çarəsiz durumda qalan Həsənovların məktubu üzərindən araşdırma aparıb. Mətbuatda gedən məlumatlar zamanı T.Yusifovun kimliyi üzə çıxıb.

Məsələn, qaynarxett.az-da getmiş məqalədə deyilir ki, Tahir Yusifovun külli miqdarda borca düşdüyü bildirilir.

Deyilənə görə, sözügedən şəxs hətta məclislərin birində düşdüyü durumu etiraf da edib. Tahir Yusifovun borca düşməsinin səbəbi qumar məsələsidir.

Belə ki, idarə rəisinin qumar oynayaraq, pul uduzmasıdır. Hətta onun kimlərlə kart sıxdığı və nə qədər borca düşdüyü də məlumatlar sırasında var.

Bu əsnada, onu da bildirək ki, Salyanda əkin sahələrinin suvarılmasının durumu bərbaddır.

Hökumətin kənd təsərrüfatını gücləndirməsi və inkişaf etdirməsi üçün hər il büdcədən ayırdığı milyonlarla vəsaitə rəğmən, hələ də vəziyyət dəyişməyib.

Salyanda isə Suvarma Sistemləri İdarəsinin fəaliyyətsizliyi, daha doğrusu, prosesləri özbaşına buraxması nəticəsində nəinki fermerlər əkin sahələrini suvarmaq imkanı əldə edə bilirlər, heç su da tapa bilmirlər.

Qeyd edək ki, hazırda Suvarma Sistemləri İdarəsinin nəzarətində olan su kanallarının durumu bərbaddır.

Əkin sahələrinə verilən suyun normadan aşağı olması və bu zaman maddi məsələlərin daha qabarıq şəkildə özünü göstərməsi fermerləri şikayətlər etməyə vadar edir.

İdarənin tabeçiliyindən xeyli sayda texnikanın olması da sirr deyil. Lakin Tahir Yusifov nədənsə, su kanallarının lildən təmizlənməsi işini həmin texnikaların hesabına deyil, qohumunun olan SMD MMC-yə həvalə edir.

Nəzərinizə çatdıraq ki, təkcə bu əməliyyatlar üçün hər il büdcədən 200 min manat pul ayrılır ki, onun da qohumlar arasında bölüşdürüldüyü artıq gizli deyil.

Tahir Yusifovun maliyyə maxinasiyaları təkcə SMD MMC ilə yekunlaşmır. Onun həmçinin digər MMC-lərlə sıx əlaqələri olduğu da təsdiqini tapan məlumatlardandır.

Onun digər maxinasiya və yeyintiləri barədə araşdırmalar aparırıq, yeni məlumatlar var, mövzunu diqqətdə saxlayacağıq.
(Reytinq:0)