Tarix : 16-05-2018, 07:36 | Bölmə: siyaset |
Emin Milli Əli Kərimlini aşağıladı: “Qorxur ki, şalvarını çıxararlar…”















Müxalifətin iki qanadı arasında yeni qarşıdurma yaşanır. Budəfəki qalmaqalın mərkəzində xaricdə Azərbaycan əleyhinə aparılan kampaniyaların əsas fiqurlarından olan Emin Milli, digər cinahda isə radikal Əli Kərimli və dəstəsi dayanır.
Sosial şəbəkələrdə bir-birilərinə qənim kəsilən, qarşılıqlı tənqidlər yağdıran radikalların davasına Emin Millinin separatçı çıxışı səbəb olub. Belə ki, mayın 9-da Amerika Konqresinin Helsinki Komissiyasının keçirdiyi brifinqdə özünü “Meydan TV”-nin rəhbəri kimi təqdim edən Emin Milli Əli Kərimlinin partiyasını hədəf alaraq AXCP-nin marginallaşdığını, cəbhəçilərin heç bir işə yaramayan faydasız varlıqlar olduğunu deyib, müsavatçıları və realçıları da onların “gözünə” qatıb.
Dırnaqarası Millinin çıxışını “söyüş kampaniyası”nın fəalları yekdilliklə dəstəkləyib, Kərimli qruplaşmasını gülüş obyektinə çeviriblər. Gözlənildiyi kimi, bundan sonra zombiləşmiş cəbhəçilər cavab hücumuna start veriblər…

Milli Şuranın sədri Cəmil Həsənli ahıl yaşında özünü “oda” salıb. O, bir vaxtlar tərifləyib, ağız dolusu danışdığı, hakimiyyətin əleyhinə “döşədiyi” “Meydan TV”-ni bu dəfə obyektiv olmamaqda suçlayıb. Bəli, əvvəl tərifləyirdi, indi pisləyir. Necə də ikiüzlü yanaşmadır.

Müxalifətin “Xaç anası” Xədicə İsmayıl da işə qarışıb. O, özünün təbilincə desək, Emin Millini “neprav” çıxarmaqla cəbhəçiləri həm müdafiə edib, həm də onları üzr istəməyə çağırıb.

“Xaç anası” xaricdəki dostları haqda bunları yazıb: “Marginal sözünü Emin Milli yox, Audrey Alştadt deyibmiş. Hərçənd, kimin deməsindən asılı olmayaraq, həqiqətdir. İndi iki gündür, Emini mütəşəkkil hücuma məruz qoyan cəbhəçilər yazdıqları təhqirlərə görə üzr istəyəcəkmi? Bu arada, Cəmil Həsənli də ilk ittiham yazanlardan biri olub. Səadət Cahangir, İradə Nəriman iki gündür, adamı atəşə tutmusuz, postlarınızın altında xeyli təhqir yazılıb. Məsuliyyətli siyasətçilər, aktivistlər nə edər belə durumda”?

Prosesin gedişi göstərir ki, Emin Milli Orduxan Teymurxan və Cəmil Həsənlinin iştirak etdiyi canlı yayımda bu məsələni müzakirə etmək istəyib. Ancaq, Cəmil Həsənli söhbətdən qaçıb.

E. Milli canlı yayımda deyib: “Təəssüf edirəm ki, bu məsələnin müzakirəsi üçün Cəmil Həsənli canlı yayım təklifimizi qəbul etmədi. Yenə də qaçdılar. Debata gəlmədilər. Canlı yayıma çıxmaqdan çəkinirlər. Onlar bu məsələlərin müzakirəsidən qorxmamalıdırlar. O zaman niyə bunu dediyimi, nədən narazı olduqlarını aydınlaşdırardıq. Amma, onlar bundan imtina ediblər və canlı cavabımı eşitmək istəməyiblər”.

Çıxışının davamında E.Milli xalqın marginallaşmış müxalifətdən imtina etdiyini etiraf edib və Əli Kərimli, İsa Qəmbər, Arif Hacılını aşağılayaraq, onları söyüşü həyat tərzi seçən Orduxan adlı küçə “uşağı” ilə müqayisə edib.

Dəhşətli mənzərədir! Özünü müxalifət “lideri” hesab edənlər söyüşcül avaradan aşağı tutulur:

“Orduxanın videolarına həftədə milyonlarla insan baxır. Təkbaşına. Amma bunu müxalifət – İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, Cəmil Həsənli haqqında deyə bilərsiniz? Yox. Onlar daha cəsarətli olmalıdırlar. Müxalifət mitinqlər keçirir. Bunlar öz bəhrəsini vermir. İnsanlar gəlmir. Mitinqlərin sayı artdıqca, ora gələnlərin sayı azalır. O zaman nə üçün keçirilir? Əli Kərimli daha radikal olmalıdır. Qorxurlar. İcazəsiz aksiyalar olanda niyə özü gəlmirdi? İnsanları meydana çağırıb özünün gəlməməsini necə qəbul etmək olar? Yəni taktikaları effekt vermir. Bunu dəyişmək lazımdır. Tənqidi qəbul etmirlər və bundan nəticə çıxarmırlar”.

Orduxan Teymurxan da Əli Kərimlinin yaralı yerinə toxunmaqla AXCP-nin marginallaşdığını təkrarlayıb və özünü cəbhəçilərin “liderin”dən üstün tutub.

“Onlar bu gün meydana adam çıxara bilmirlər. Ona görə taktikanı, stategiyanı dəyişmək lazımdır. Eyni şeyin üzərində dayanmaq olmaz”- Orduxan deyib.

Canlı yayımda Emin Milli açıq-aşkar separatçı mövqe sərgiləyib, müxalifəti icazəsiz aksiyalara, hakimiyyətə qarşı itaətsizliyə çağırıb. O, çıxışında bir neçə dəfə Əli Kərimlinin qorxaq olduğunu nəzərə çatdırıb:

“İcazəsiz aksiyalara Əli Kərimli çağırış edir, amma özü gəlmir. Çünki orada insanlar həbs oluna bilər. Necə ola bilər ki, partiyanın lideri olasan, insanlara çağırış edəsən, amma özün meydanlara gəlməyəsən? Bu necə ola bilər axı? Özü gəlməlidir. Əli Kərimli icazəsiz aksiya keçirməyə qorxur ki, birdən şalvarını əynindən çıxararlar, şapalaq vurarlar, başına iş gətirə bilərlər. Qorxmaq lazım deyil. Lazım olanda Əli Kərimli döyülməlidir də, ölməlidir də…”.

Bax, budur müxalifətin əsl siması: Ortada qrant olanda bir-birilərini tərifləyirlər, pul qurtaranda isə söyürlər.

Elvin Abdulqədirov
AzVision.az
(Reytinq:0)