Tarix : 14-05-2018, 05:08 | Bölmə: dunya |
Donald Tramp indidən 2020-ci il seçkilərinə hazırlığa başlayıb














ABŞ prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıqlara indidən başlayıb. D.Tramp üçün Konqresin aşağı, yəni Nümayəndələr palatasına və Senatın bir hissəsinə keçiriləcək seçkilər olduqca önəmlidir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti buna görə partiyasının təbliğat mitinqlərində şəxsən özü iştirak edir.

Ağ Evin rəhbəri bu məqsədlə rəqib Demokratlar partiyasının istinadgahlarından sayılan İndiana ştatında tərəfdarlarını toplayıb. Partiya üzvləri qarşısına ağ köynək və qırmızı qalstukda peyda olan Donald Tramp hər kəsi bu ilin payızında keçiriləcək seçkilərdə demokratlara qarşı səfərbər olmağa çağırıb.

“Siz elə indidən Amerikanın böyüklüyünü və qüdrətini yenidən qazanmaq naminə daha çox respublikaçının parlamentə düşməsi üçün çalışmalısınız. Əgər demokratlar qalib gəlsə, bütün iş yerləriniz məhv olacaq”, - prezident deyib.

Ekspertlər payızdakı seçkilərin Trampın 2-ci dəfə prezident seçilməsi yolunda, habelə istədiyi qanunları və islahatlatları həyata keçirmək üçün həyati önəm daşıdığını söyləyirlər.

CNN kanalının icmalçısı Harri Estenin dediyi kimi, “prezidentin reytinqi bu cür seçkilərdə kilid rolunu oynayır. Seçkilərin özünü isə dövlət başçısına etimad referendumu da adlandırmaq olar”.

Hazırda İndiana ştatında respublikaçılar arasında ilkin seçkilər keçirilir. ABŞ Senatı üçün onlar biznesmen Maykl Braunun namizədliyini irəli sürüblər. Onun demokrat rəqibi hazırkı senator Co Donellidir.

Respublikaçıların təbliğat kampaniyasında şəxsən vitse-prezident Maykl Pens iştirak edib. Respublikaçılar partiyasının içində bəlkə də D.Trampdan da hörmətli sayılan vitse-prezident əvvələr bu ştatın qubernatoru olub.

Bundan başqa D.Trampın istədiyi namizədlər Ohayo və Qərbi Virciniya ştatlarında da ilkin seçkilərdə qalib gəliblər.

Qərbi Virciniyada partiya içində biznesmen, kömür maqnatı Don Blakenşip və ştatın baş prokuroru Pet Morrisi yarışıblar. Blankenşip də Tramp kimi milyarder sayılır. Lakin ABŞ prezidenti Morrisiyə daha çox üstünlük verib.

ABŞ prezidenti hətta indidən seçki qərargahını kimlərə tapşıracağını da müəyyənlşdirib. O, rəqəmsal texnologiyalar üzrə tanınmış mütəxəssislərdən sayılan Bred Paskalı özünün siyasi kampaniyasının meneceri təyin edib. Bred Paskal Trampın kürəkəni Cared Kuşnerə olduqca yaxın şəxs sayılır.

Donald Trampın reytinqinin aşağı olmasına rəğmən demokratlar onun qarşısına çıxa biləcək güclü rəqibi müəyyən edə bilmirlər.

“The Hill” qəzeti dövlət başçısına qarşı 36 demokrat namizədin adını çəkib. Bunların arasında senator Berni Sanders, ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden, demokrat senator Elizabet Uorren də var.

Hazırda D.Trampın reytinqinin yerlərdə süründüyünü söyləyənlər yanılmırlar. Son sorğularda əhalinin 41%-i prezidentin siyasətini bəyəndiyini bildirib. 53% isə ona qarşı çıxıb.

Trampa təskinlik verə biləcək yeganə gəlişmə iqtisadi göstəricilərlə bağlıdır. Belə ki, işsizlik 2000-ci ildən bu yana ilk dəfə 4%-in altına düşüb. Tikinti, sənaye və pərakandə ticarət sahəsində isə güclü canlanma müşahidə olunur, on minlərlə yeni iş yeri açılıb.
(Reytinq:0)