Tarix : 13-05-2018, 07:32 | Bölmə: dunya |
İŞİD getdi, həyat gəldi — Şimali İraqda hazırkı vəziyyət













3 il İŞİD terror təşkilatının əsarətində qalan İraqın türkmən şəhəri Təlafərin əhalisi geri qayıdanlarla birlikdə 100 mini keçib. Bazar hərəkətli, xəstəxana və məktəblər fəaliyyətdədir. Amma şəhərin simvolu olan Təlafər Qalası artıq yoxdur. Şəhərin hər yerində mina və bombalara qarşı xəbərdarlıq lövhələri var. Təlafərdə İŞİD-dən sonrakı həyatı təqdim edirik.
Əhalisinin əksəriyyəti türkmənlər olan 250 min nəfərlik Təlafər şəhəri 2014-cü ilin iyun ayında İŞİD-in əlinə keçərkən bölgədə böyük köç baş verib. Belə ki, İŞİD-in əsarəti zamanı şəhərdə sadəcə 90 ailə qalmışdı. İraq ordusu 2017-ci ilin avqustunda Təlafəri azad etmək üçün xüsusi əməliyyata start verir. Və şiddətli döyüşlərdən sonra 3 il terrorçuların nəzarətində olan şəhər geri alınır.

1000-dən çox bina məhv edildi
İŞİD-dən alınan Təlafərin əhalisi hazırda 100 mini ötüb. Köç edənlərin qayıtması ilə bazar da canlanıb. İnsanlar bazarda rahat alış-veriş edir, küçədə oturub söhbət edirlər. Xəstəxana və məktəblərin infrastukturunun yenilənməsi ilə şəhərdə həyat keyfiyyəti də yüksəlib. Amma burada İŞİD-in qoyduğu izlər hələ də qalmaqdadır. Şəhərdə gəzərkən ən çox gözə dəyən xaraba qalmış binalardır. Şəhərdə mindən çox bina yerlə-yeksan edilib, təxminən eyni sayda bina isə uçmaq təhlükəsi ilə qarşı-qarşıyadır. İŞİD-in bombalayaraq məhv etdiyi şiə məscidləri və tarixi tikililərin uçqunları hələ də ilk günkü kimi qalmaqdadır.

Qaladan əsər-əlamət qalmayıb
İŞİD-in yox etdiyi ən önəmli tarixi tikililərdən biri də Təlafər Qalasıdır. Şəhərə üstdən baxan qala demək olar ki, yoxdur. Qalanı görmək istəyən ziyarətçilər uçqunla qarşılaşır. İŞİD-in tarixi əşya tapmaq üçün açdığı tunellər də olduğu kimi qalıb.

Üç il yarımlıq əsarət
Təlafərdə insanlar nə qədər yeni həyata bşlamağa başlasalar da, açılan yaralar hələ də təzədir. İŞİD Təlafəri ələ keçirən zaman qadın, uşaq və yaşlılardan ibarət 400-dən çox insanı əsir götürmüşdü. Onlardan bir qismi terrorçuların əlində qurtula bilsə də, indiyədək haqqında heç bir məlumat olmayan onlarla insan var.
Şəhər sakini Besil Əbdülkərim bildirib ki, İŞİD şəhərə hücum edəndə atası ailənin bir hissəsini maşınla Təlafərdən çıxarıb.
“Geri qayıdıb ailənin digər üzvlərini xilas etmək istəyərkən İŞİD tərəfindən əsir götürülüb və indiyə kimi də ondan xəbərimiz yoxdur”, - deyə Besil Əbdülkərim bildirib.

Hər tərəfdə mina var
İŞİD-in şəhərin hər yerinə mina basdırması hazırda ən böyük təhlükədir. Bu səbəbdən Təlafərdə xəbərdarlıq lövhələrini hər addımbaşı görmək mümkündür. Şəhər sakini Məhəmməd Bek bildirib ki, İŞİD-dən sonra mina və digər partlayıcı silahlar səbəbindən 33 nəfər ölüb.

“Təlafərə qayıdan insanlar evini təmizləmək istəyərkən minaya düşürlər. 3 gün əvvəl qohumum minaya düşdü və həlak oldu”, deyə Məhəmməd qeyd edib.

İŞİD getdi, həyat gəldi — Şimali İraqda hazırkı vəziyyətİŞİD getdi, həyat gəldi — Şimali İraqda hazırkı vəziyyətİŞİD getdi, həyat gəldi — Şimali İraqda hazırkı vəziyyət
(Reytinq:0)