intertv.az
intertv.az

Bakıda avtoşluq edənlər həbs olundu

25-04-2015, 12:23 137 dəfə baxılıb

Bakıda avtoşluq edənlər həbs olundu

Bu, Əliyev Əliyoldaş Kamil oğludur. 30 yaşı var, diş həkimi işləyir. Nə qədər qəribə olsa da, onu avtoxuliqanlığa görə saxlayıblar. Pirallahı rayonu ərazisində yol polisi əməkdaşları dövlət qeydiyyat nişanı olmayan "Mersedes" markalı avtomobilin sürücüsünə "Saxla!" əmri veriblər. Amma sürücü əmrə tabe olmadan avtoxuliqanlıq hərəkətləri edib və qaçmağa nail olub. Sonradan Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları Əliyoldaş Əliyevi idarə etdiyi avtomobillə birgə saxlayıblar. Diş həkiminə məhkəmənin qərarı ilə 30 gün inzibati həbs verilib.

Qeyd edək ki, bu ilin aprel ayında Bakı şəhəri ərazisində avtoxuliqanlığa, sərxoş və sənədsiz avtomobil idarə etməyə görə saxlanılan şəxslərdən 18 nəfər inzibati qaydada həbs olunub. Həmin şəxslərdən 12 nəfəri avtomobili sərxoş vəziyyətdə və sənədsiz, 6 nəfəri isə avtoxuliqanlıq etdiyi üçün saxlanan sürücülərdir. Saxlanılan şəxslərə məhkəmə qərarları ilə 5 sutkadan 30 sutkayadək inzibati həbs cəzası verilib.

Saxlanılan sürücülər arasında Gürcüstan Respublikasının vətəndaşı da var. Sərxoş vəziyyətdə "VAZ 2106" markalı avtomobil idarə edərkən qəza törədən 1989-cu il təvəllüdlü Abduyev Vidadi Eyvaz oğlu Xəzər Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Xəzər rayonunda yaşayan 26 yaşlı Həmidov Ramil Ramiz oğlu "VAZ 2107" markalı avtomobili ilə avtoxuliqanlıq hərəkətləri edib. Saxlanıldıqdan sonra onun sürücülük vəsiqəsinin olmadığı da məlum olub. Məhkəmənin qərarı ilə Ramil Həmidov 20 gün müddətinə inzibati qaydada həbs olunub.

"VAZ 2107" markalı avtomobillə Bakı küçələrində avtoxuliqanlıq edən digər sürücü isə Səbail rayonu ərazisində saxlanılıb. Bu, 25 yaşlı İmanov Baba Adil oğludur. Onun idarə etdiyi avtomobili 4 yol patrul xidməti avtomobili səfərbər edildikdən sonra saxlamaq mümkün olub. Səbail Rayon Məhkəməsinin qərarı ilə B. İmanov 25 gün müddətinə inzibati qaydada həbs olunub.

Saxlanılan avtoxuliqanlardan biri üç övlad atasıdır. 32 yaşlı İslamov Şirxan Əbdülhüseyn oğlu Hövsan qəsəbəsində yol polislərinə tabesizlik göstərib. Bu səbəbdən də o, saxlanılandan sonra 30 gün müddətinə inzibati qaydada həbs olunub.

BŞDYPİ-nin şöbə rəisi Vaqif Əsədov yol hərəkəti qaydalarını pozduqları üçün inzibati qaydada həbs olunan bu şəxslərin ictimaiyyətə təqdim olunmasında məqsədin onların ictimai qınağa cəlb edilməsinin olduğunu bildirib. Onun sözlərinə görə, profilaktik tədbirlər Bakı şəhəri ərazisində bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA