Tarix : 16-02-2018, 06:29 | Bölmə: gundem, sosial |
Bakının Şamaxinka ərazisində amerikasayağı kazino: polis hara baxır?-VİDEO








Azərbaycanda kazino fəaliyyəti rəsmi olaraq yasaqdır. Belə ki, mərhum dövlət başçısı Heydər Əliyev Azərbaycanda bütün kazino və qumarxanaların bağlanması barədə 1998-ci ildə qərar verib. Amma son illər Bakıda qanunsuz kazino biznesi sürətlə çiçəklənməyə başlayıb. Azerinfo.az bildirir ki, belə obyektlər adətən çay evləri, internet klubları kimi maskalanmaqla fəaliyyət göstərir. Bəzi obyektlər isə ümumiyyətlə adsızdır.

Məlum olub ki, Bakıda fəaliyyət göstərən əksər kazinolar bir neçə şəxsin əlində cəmlənib. Onlar özlərini “toxunulmaz şəxs” statusunda aparır, güc strukturlarında himayədarları olduqlarını bəyan edir, lotu dəstələri saxlayır, hər cür zorakı əməllərdən belə çəkinmirlər. Bunun qarşılığında isə onlara dəyib-toxunan yoxdur.

Onu da qeyd edək ki, bu qumarxanaların hər birində ciddi konspirasiya var. Azerinfo.az-ın məlumatına görə qapılar daim bağlı olur, içəri yalnız üzdən tanıdıqları müştərilər buraxılır. Qumarxana işlədənlər polis təhlükəsi olan kimi kompüterləri elektrik şəbəkəsindən ayırır. Belə olan halda nəyisə sübut etmək çətin olur. Çünki proqram avtomatik itir.

Ara-sıra aparılan vergi və polis reydləri isə əsasən kazino krallarının biznesinə təsüdüfi girişən kiçik oyunçuların sıradan çıxarılması məqsədi daşıyır.

Kazino krallarının öz aralarında da ara-sıra müəyyən maraq savaşları başlasa da, ümumilikdə qarşılıqlı anlaşma şəraitində işləməyə üstünlük verirlər. Onlar öz aralarında kimin hansı ərazilərdə fəaliyyət göstərəcəyi ilə bağlı anlaşmaya varırlar.

Hər ay milyonlarla manatın qanunsuz olaraq qəsb edildiyi bu kazinolar neçə-neçə ailənin də bədbəxt olmasına yol açıb. Bu kazinolarda bir gecənin içində hər şeyini- evini, maşınını, obyektlərini uduzanların sayı təxmin edə biləcəyinizdən də çoxdur. Araşdırmamız zamanı məlum oldu ki, təkcə son bir ayda məhz kazino oyunlarında bütün hər şeyini uduzan 4 nəfər intihar məqsədi ilə özünə qəsd edib.

Necə olur ki, kazinoların fəaliyyəti qanunsuz ola-ola Bakının mərkəzində, hər kəsin gözü önündə, bir çox hallarda hətta polis məntəqələrinin düz qarşısında bu cür məntəqələr açıq-aşkar fəaliyyət göstərir? Bu obyektlərin əksəriyyəti haqqında mətbuatda dəfələrlə faktlar və araşdırmalar dərc olunub, obyektlərin ünvanı, fotoları, sahiblərinin, işlədənlərinin adları ictimailəşdirilib. Amma… bu obyektlər heç nə olmamış kimi yenə də, həm də əvvəlkindən daha arxayın fəaliyyət göstərməkdə davam edirlər. Onlarla ailənin faciəsinə səbəb olan, neçə-neçə insanı bədbəxt edən, neçə-neçə ananı gözüyaşlı qoyan bu qumarxanalar kimlər tərəfindən və hansı məqsədlə himayə edilir?

Məsələn Moskva prospekti 2/51 nömrəli binanın zirzəmisində yerləşən kazinoda 15-dən çox kazino (kömpüter) masası var. Azerinfo.az-ın araşdırma qrupu 19-cu bölmə ərazisində yerləşən kazinoda çəkiliş aparmağa nail olub. Videoçəkilişi isə təzkib etmək olmur. İndi söz həmin əraziyə nəzarət edən polis bölməsi və sahə müvəkkilinindir. Ümumilikdə isə Daxaili İşlər Nazirliyi bu məsələyə aydınlıq gətirməlidir ki, qanunsuz kazino açıq-aşkar necə fəaliyyət göstərir.

Mövzuya qayıdacağıq.
(Reytinq:0)