intertv.az
intertv.az

Səlim Müslümov Türkiyənin baş naziri ilə görüşüb

17-04-2015, 14:49 158 dəfə baxılıb

Səlim Müslümov Türkiyənin baş naziri ilə görüşüb


Türkiyə və Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 8-ci iclasında iştirak etmək üçün Ankarada səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycanın Türkiyə və Makedoniyadakı səfiri Faiq Bağırov, Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, görüşdən öncə S. Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankaradakı Heydər Əliyev parkını ziyarət edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında inkişaf edən hərtərəfli əlaqələrin əhəmiyyətindən bəhs olunub, əlaqələrimizin möhkəmlənməsində Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri xüsusi vurğulanıb.

Ə. Davudoğlu Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin daim uğurla inkişaf etdiyini bildirib. Baş nazir iki ölkə arasında əməkdaşlıq əlaqələrinin siyasi, iqtisadi və digər sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də mütəmadi olaraq gücləndirildiyini vurğulayıb.

S. Müslümov Azərbaycan və Türkiyə arasında strateji xarakter daşıyan əməkdaşlığın eyni zamanda əmək, məşğulluq, miqrasiya, əhalinin sosial müdafiəsi sahəsini də əhatə etdiyini bildirib. Nazir Azərbaycan prezidenti İlham Əliyevin 2013-cü ilin noyabrında Türkiyəyə rəsmi səfəri çərçivəsində iki ölkənin hökumətləri arasında bir sıra sahələrdə olduğu kimi, əmək, əmək miqrasiyası, sosial müdafiə və məşğulluq sahəsində də əməkdaşlığa dair imzalanan sazişin uğurla icra edildiyini vurğulayıb.

Məlumat verilib ki, bu il ilk dəfə olaraq azərbaycanlı əlilliyi olan şəxslər reabilitasiya məqsədi ilə Türkiyənin Dənizli bölgəsindəki tibbi-sosial reabilitasiya mərkəzinə bərpa müalicəsi məqsədilə göndəriliblər və bu proses davam etdiriləcək.

Ölkəmizdə hərtərəfli və dinamik inkişafın sosial rifah halının yüksəlməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə müşahidə olunduğunu qeyd edən S. Müslümov Azərbaycan və Türkiyənin aidiyyəti nazirliklərinin əməkdaşlıq təcrübəsinin hər iki ölkədə əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsinə xidmət etdiyini, əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA