intertv.az
intertv.az

Respublika fənn olimpiadalarının final mərhələsi başlayıb

19-04-2015, 18:44 137 dəfə baxılıb

Respublika fənn olimpiadalarının final mərhələsi başlayıb

Bu gün Respublika fənn olimpiadalarının final mərhələsi başlayıb. APA-nın xəbərinə görə, ölkənin bütün bölgələrini təmsil edən 450 məktəbli biologiya, cografiya, riyaziyyat, fizika, Azərbaycan dili və ədəbiyyat, tarix, kimya və informatika fənnləri üzrə ayrılmış müxtəlif zallarda açıq tipli tapşırıqları həll edirlər.

Şəffaflığı təmin etmək üçün şagirdlərin cavab vərəqələrini kodlaşdırılaraq münsiflər heyətinə təhvil veriləcək. Yoxlamadan sonra nəticələr elan olunacaq vəTəhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az), həmçinin “facebook” səhifəsində (https://www.facebook.com/tehsil.gov.az) yerləşdiriləcək.

Aprelin 20-də günün birinci yarısında nəticələrdən narazı qalan şagirdlərə münsiflər heyəti ilə nəticələrini birbaşa müzakirə etmək imkanı yaradılacaq.

Qeyd edək ki, bu il fənn olimpiadalarının keçirilməsində bir sıra yeniliklər var. Olimpiada iştirakçılarını bilik yarışına tam motivasiya etmək üçün onların tədbirin keçirildiyi 3 gün ərzində Kempinski Badamdar hotelində qalması təmin olunub və imtahandankənar asudə vaxtın səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Bu il olimpiada fənnləri sırasına coğrafiya da əlavə olunub. Eləcə də, əvvəlki illərdən fərqli olaraq, yoxlamada şəffaflığı və ədalətli qiymətləndirməni təmin etmək üçün olimpiada sualları ilkin mərhələdə açıq şəkildə deyil, test sınağı formasında tətbiq olunub.

Eyni zamanda, bu il ilk dəfə olaraq fənn olimpiadaları üç mərhələdə keçirilib. Olimpiadanın I – rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib. 3700 şagirdin iştirakı ilə bu ildən ilk dəfə olaraq keçirilən yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə təşkil olunub. Yalnız bundan sonra finalçılar müəyyənləşdirilib.

Final mərhələsində iştirak edən şagirdlərin 240 nəfərə qədəri mükafatçılar sırasına daxil olacaq. Bununla yanaşı, ilk dəfə olaraq, iştirakçılar arasında hər fənn üzrə “birincilərin birincisi” nominasıyası üzrə qalib müəyyənləşdiriləcək və beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizəd şagirdlər seçiləcək.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının final mərhələsinin informasiya dəstəkçisi APA Holdingdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA