intertv.az
intertv.az

Ucar sakinləri kimdən şikayətçidir? - İcra hakimiyyəti isə deyir ki...

29-07-2021, 12:48 64 515 dəfə baxılıb

Ucar sakinləri kimdən şikayətçidir? - İcra hakimiyyəti isə deyir ki...


“Havalar isti keçdi, su olmadı, həyətlərimizdəki meyvə ağacları qurudu, bostanlarımız, pay torpaqlarımızdakı qarğıdalılarımız yandı, bütün yayı haray çəkdik, səsimizi eşidən olmadı”.

Bunu Meydan TV-yə Ucarın Yuxarı Şilyan kəndinin sakinləri deyir. Bu il kənddə su qıtlığı əvvəlkindən də güclü olub. İndi kənddə hamınınn əsas mövzusu susuzluqdan yanan qarğıdalılar, qonşu kənddə gecə-gündüz suvarılan çəltik sahələridir.

“Qonşu kəndin çəltiyi bizim kəndin yarısını susuz qoyub”

Sakinlərin deməsinə görə, bu kənddə su qıtlığı həmişə olub. Ancaq bu il necə deyərlər, iş əndazədən çıxıb. Səbəbsə qonşu kəndlərdə bu il çəltiyin əvvəlki illərə nisbətən 3-4 dəfə artıq əkilməsidir. Bir sözlə, bir neçə kəndin su təminatını həyata keçirməli olan arxın suyu bərabər paylanmadığından yuxarı silyanlılar susuz qalıb. Kənd sakinləri danışır:

“Kəndimiz suyu Yuxarı Şirvan Kanalından götürür. Açıq kanal vasitəsilə kəndə gəlib çatan texniki su ilə həm əkin sahələri suvarılır, həm heyvanlar içir, həm də insanlar içməli su kimi istifadə etmək məcburiyyətindədir. Ötən ilədək birtəhər yola vermək olurdu. Bu il vəziyyət dözülməzdir. Söhbət ondan gedir ki, adamlar su ehtiyatlarının artdığını biləndən sonra çəltik əkməyə güc verdilər. Bu il kiçik bir arxın üzərində bir kənddə 470 hektar ərazidə çəltik əkilib. Hər sahəyə 50 diametrlik boru ilə su axıdılanda, görün nə qədər su istifadə olunur. Üç kəndə su verən arx isə 6-7 kubluk olar, ya olmaz… O arxdan Yuxarı Şilyana, Bərşada, Qəzyana qismən, Bağbana, Boyata tam şəkildə su axır… Çəltik sahəsi əsasən Bağban kəndində salınıb, hansı ki digər kəndləri susuz qoyub…

Yuxarı Şilyanda 700-dən çox ailə təsərrüfatı var. Su kəndin bir tərəfinə çatsa da, təxminən 150 ailəyə çatmır.

“Hektarlarla qarğıdalı sahəsi yanıb”

“Kəndlilər onlara ayrılmış pay torpaqlarında əkdikləri qarğıdalıları suvara bilmədikləri üçün demək olar ki, bütün sahələr yanıb. Halbuki, Bağbandakı o yerlər çəltik yox, qarğıdalı əkini üçün nəzərdə tutulmuşdu. İndi o çəltik sahələri arxın suyunu sümürür, kəndin bir tərəfinə su gedib çatmır. Bildiyimiz qədər, hökumətin tapşırığı var, aran rayonlarında su qıtlığı olan yerlərdə bu qədər çəltik əkilə bilməz”.

Kənd sakinləri aidiyyəti qurumların məsələyə biganə yanaşmasından narahatdır:

“Bilmirik ki, Meliorasiya və Su Təsərrüfatı ASC hara baxır, nəyə xidmət edir. Qurumun “qaynar xətt”inə zəng vurub dərdimizi deyirik, “şikayətləriniz qeydə alındı” deyib, dəstəyi asırlar, ancaq ortada bir şey yoxdur. Bu boyda əhali yığışıb gedir Ucar Meliorasiya İdarəsinə, idarədən bir adam ortalığa çıxıb adamlara bir söz demir”.

Ucar Rayon İcra Hakimiyyətindən bildirilib ki, kəndlərin su təchizatının yaxşılaşdırılması məqsədilə layihələr həyata keçirilib. Xeyli kənd su ilə təmin olunub, bu kəndlərin siyahısında Yuxarı Şilyanda var:

“Əhalini keyfiyyətli və dayanıqlı su ilə təmin etmək məqsədilə su mənbəyi Külüllü-Ucar magistral kəməri seçilib. Su mənbəyindən rayonun yaşayış məntəqələrinə çıxışlar verilib və ümumi uzunluğu 43,8 km olan su xətləri çəkilib. Kəndlərdə ümumi istifadə üçün 93 ədəd bulaq quraşdırılıb. Yeni su təchizatı layihələrindən Ucar rayonunun 11 kəndinin 21 min nəfər sakini faydalanıb”.

Sakinlərsə deyir, Külülü-Ucar magistral su kəməri kəndin yalnız bir hissəsini əhatə edir. Su qurğusu kəndin yalnız bir hissəsini su ilə təmin edə bilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA