intertv.az
intertv.az

Avropa Parlamentində Qəbələ rayonunun təqdimatı keçirilib

29-05-2015, 16:10 158 dəfə baxılıb

Avropa Parlamentində Qəbələ rayonunun təqdimatı keçirilib

Mayın 28-də Brüsseldə, Avropa Parlamentinin binasında qurumun Sloveniya və Slovakiyadan olan deputatları İvo Vayql və Boris Zalanın təşkilatçılığı ilə “Qəbələ - Azərbaycanın hələ də kəşf ediləcək bir guşəsi” adı altında Qəbələ rayonunun təqdimat tədbiri keçirilib.

APA-nın Avropa bürosunun məlumatına görə, təqdimat proqramında Qəbələ şəhərinin min il bundan əvvəl Qafqaz Albaniyasının paytaxtı olduğu, indi isə səfalı təbiəti, dağları, abidələri, turizm və əyləncə mərkəzləri, xizək kurortları və hər il keçirilən caz və klassik musiqi festivalları ilə məşhurlaşdığı bildirilib.

Tədbirdə AP-nin deputatları və əməkdaşları, Azərbaycanın NATO-dakı səfiri Xəzər İbrahim, Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin əməkdaşları və Brüsseldə akkreditə olunmuş digər diplomatik korpusların nümayəndələri, Avropa institutlarında təcrübə keçən azərbaycanlı və əcnəbi gənclər, jurnalistlər və digər qonaqlar iştirak ediblər.

AP üzvü İvo Vaygl çıxışında Azərbaycanı Avropa İttifaqının mühüm tərəfdaşı kimi qiymətləndirib. O, Azərbaycanla Aİ arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi üçün daimi dialoq və təmasların aparıldığını deyib: “Əlbəttə ki, biz tam demokratik bir Azərbaycan görmək arzusundayıq. Azərbaycan haqqında bəzən tənqidi danışsaq da, bu ölkənin dünyəvilik, tolerantlıq kimi dəyərlərə malik olduğunu unutmamalıyıq. Mən bu ölkənin dostuyam. Qəbələ rayonuna da səfər etmişəm. Bu, çox gözəl, qədim tarixi və zəngin mədəniyyəti olan, insanları istiqanlılıq və qonaqpərvərliyi ilə seçilən bir şəhərdir”.

İ. Vayql eyni zamanda Azərbaycan xalqı üçün böyük faciəyə çevrilmiş Dağlıq Qarabağ münaqişəsindən və Azərbaycan ərazilərinin işğala məruz qalmasından bəhs edib.

AP-nin Slovakiyadan üzvü Boris Zala isə Azərbaycanı şəxsən ona və digər avropalı həmkarlarına tanıdan millət vəkili Elxan Süleymanovun xidmətlərini ayrıca qeyd edərək, təkcə Bakının deyil, Azərbaycanın Qəbələ kimi digər bölgə və rayonlarının da Avropada tanıdılmasının vacibliyini vurğulayıb.

Tədbirdə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının başçısı, səfir Arif Məmmədov, Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Brüssel ofisinin rəhbəri Mark Vervilghen və Qəbələdə “Savalan” şərablarının istehsalı ilə məşğul olan “ASPI AGRO” MMC şirkətinin həmtəsisçisi Arif Rəhimov da çıxış ediblər.

Səfir Arif Məmmədov çıxışında 28 Mayın Azərbaycanda Respublika Günü kimi qeyd olunduğunu xatırladaraq, tədbir iştirakçılarına bu şanlı tarix haqqında geniş məlumat verib, 97 il əvvəl elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin islam dünyasında ilk demokratik respublika olduğunu nəzərə çatdırıb.

Avropa Azərbaycan Cəmiyyətinin Brüssel ofisinin rəhbəri Mark Vervilghen gələn ay Bakıda keçiriləcək ilk Avropa Oyunlarına toxunaraq, yüksək səviyyədə keçirilməsi nəzərdə tutulan belə bir beynəlxalq yarışmanın həm Azərbaycan, həm də Avropa üçün tarixi bir hadisə olduğunu söyləyib.

Çıxış edənlərin hamısı bu tədbirin 28 May tarixinə təsadüf etdiyini vurğulayaraq, Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik ediblər.

Rəsmi hissənin yekununda İ. Vayqlın həyat yoldaşı Mojka Zlobko-Vayql qonaqlar üçün arfada bir neçə musiqi parçası ifa edib.

Sonda qonaqlara Azərbaycan mətbəxinin təamları və “Savalan” şərabı təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA