intertv.az
intertv.az

“Dövlət orqanı” anlayışı dəyişir

30-09-2020, 15:00 64 515 dəfə baxılıb

“Dövlət orqanı” anlayışı dəyişir


“Dövlət orqanı” anlayışından onun Dövlət Sosial Müdafiə və İşsizlikdən Sığorta fondlarının büdcəsindən maliyyələşdirilməsi müddəası çıxarılır.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

“Dövlət qulluğu haqqında” qanuna görə, dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Layihəyə əsasən, dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatı olacaq.

Bu, onunla bağlıdır ki, dövlət orqanı statusu olan Dövlət Sosial Müdafiə Fondunun xərcləri (o cümlədən əmək haqları) həmin fondun və Dövlət Məşğulluq Xidmətinin xərcləri (o cümlədən işçilərin əmək haqları) isə İşsizlikdən Sığorta Fondunun vəsaitləri hesabına ödənilirdi. Dəyişiklik həmin qurumların publik hüquqi şəxsə çevrilməsi və dövlət orqanı statusunu itirməsi ilə bağlıdır.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 30 dekabr 2019-cu il tarixli fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu dövr qurum – Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi yaradılıb.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA