intertv.az
intertv.az

“Hamımız çox istəyirik ki, karantin rejimi tezliklə başa çatsın” - İlham Əliyev

30-07-2020, 22:33 11 dəfə baxılıb

“Hamımız çox istəyirik ki, karantin rejimi tezliklə başa çatsın” - İlham Əliyev


“Pandemiya ilə mübarizə sahəsində bütün lazımi addımlar atılır. Hətta qısa müddət ərzində ölkəmizdə tibbi maskaların, dezinfeksiya vasitələrinin, həkimlər üçün kombinezonların istehsalına başlanmışdır. Bütün bunların istehsalı bizdə yox idi, heç lazım da deyildi. Təbii ki, hər bir ölkə istehlak etdiyi bütün malları istehsal etməməlidir. Ancaq biz gördük ki, xaricdən bəzi avadanlıqları, ləvazimatları gətirmək çətindir. Bəzən imzalanmış kontraktlar icra edilmirdi, vəsait də ödənilmişdi, yenə də biz lazımi avadanlığı gətirə bilmirdik. xüsusilə pandemiyanın ilk mərhələsində ki, dünyada çox böyük ajiotaj var idi”.

Bu sözləri Prezident İlham Əliyev iyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışında çıxış edərkən deyib.

“Bütün bu işlərin nəticəsində biz ilk günlərdən xəstəliyi nəzarət altında saxlayırıq. İlk günlərdən həm Azərbaycan vətəndaşları, həm də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bizim işlərimizə çox yüksək qiymət verildi. Mən bu günə qədər yerlərdən təşəkkür məktubları alıram ki, Azərbaycan dövləti bütün bu işləri operativ qaydada təşkil edib və insanların sağlamlığını təmin edib. Beynəlxalq təşkilatların mövqeyi də müsbətdir. Ümumdünya Səhiyyə Təşkilatı bizim fəaliyyətimizi nümunəvi fəaliyyət kimi dəyərləndirmişdir.

Hesab edirəm ki, may ayının əvvəlində bizim yumşalma siyasətimiz düzgün addım idi. Çünki o vaxt xəstəliklə bağlı dinamika müsbət idi. Sağalanlar yoluxanlardan çox idi. Ona görə biz yumşalmaya getdik. Çünki bilirik ki, bu, insanları narahat edir, incidir. İnsanlar öz adi həyat tərzindən məhrum ediliblər. Ona görə yumşalmaya getdik. Amma nə gördük?! Gördük ki, xəstələrin sayı dərhal artmağa başladı, müsbət dinamika pozuldu və biz mənfi dinamika fazasına daxil olduq. Yenə sərtləşdirmə qaçılmaz oldu. Yenə sərt məhdudlaşdırıcı tədbirlər görülməyə başlandı. Bu tədbirlər görülməyə başlayandan təqribən bir ay sonra biz yenə də müsbət dinamikanı görürük. Artıq iki həftədir ki, ölkəmizdə sağalanların sayı yoluxanların sayından çoxdur. Müsbət dinamika budur. Biz hamımız çox istəyirik ki, bu karantin rejimi tezliklə başa çatsın, tezliklə öyrəşdiyimiz həyat tərzinə qayıdaq. Ancaq biz görürük ki, bir balaca yumşalma olan kimi, xəstəliyin vüsəti dərhal genişlənir, yayılması sürətlə gedir və insanların həyatı təhlükə altına düşür”, - deyə dövlət başçısı əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA