intertv.az
intertv.az

Mehriban Əliyeva Vyetnamın birinci xanımıyla İçərişəhərdə

14-05-2015, 18:45 129 dəfə baxılıb

Mehriban Əliyeva Vyetnamın birinci xanımıyla İçərişəhərdə

Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan Vyetnam Sosialist Respublikası prezidentinin xanımı May Thi Han mayın 14-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, qoruğa gələn Mehriban Əliyeva və May Thi Han əvvəlcə çay süfrəsinə qonaq olublar.

İçərişəhərdə gəzinti zamanı qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisindəki müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qayğı ilə qorunub saxlanılır. Dar, kiçik daşlar döşənmiş küçələrlə hərəkət edən qonaqların diqqətinə çatdırılıb ki, İçərişəhər hər zaman özünəməxsus ab-havası ilə nəinki yerli sakinlərin, həm də xarici turistlərin sevimli məkanlarından biridir.

May Thi Han paytaxtımızın ən qədim hissəsi olan İçərişəhərdə fəaliyyət göstərən əntiq əşyalar mağazasında da olub, burada satılan və ölkəmizin qədim tarixə və mədəniyyətə malik olduğunu bir daha nümayiş etdirən əşyalara baxıb. Mehriban Əliyeva bu mağazalarda əntiq qab-qacaq, xalça-palaz, tirmə şal, kəlağayı, xurcun, gəlincik və digər əşyaların satıldığını bildirib. Qonaq folklorumuzun nişanəsi olan buta, zərif naxışlarla bəzədilmiş əşyalara böyük maraq göstərib.

İçərişəhərlə tanışlığın son məkanı Qız qalası olub. Mehriban Əliyeva May Thi Hana Bakının ən möhtəşəm tarixi abidələrindən biri olan, əzəməti ilə diqqəti cəlb edən Qız qalası, bu qeyri-adi memarlıq nümunəsinin özəllikləri barədə danışıb.

Sonda Qız qalası önündə xatirə şəkilləri çəkdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA