intertv.az
intertv.az

Sabiq İH başçısının qardaşı oğlu 1 milyonunu istəyir: “Məni döyərək səsimi diktafona yazdılar”

21-08-2019, 21:14 16 dəfə baxılıb

Sabiq İH başçısının qardaşı oğlu 1 milyonunu istəyir: “Məni döyərək səsimi diktafona yazdılar”

965 min dollar dələduzluqda ittiham olunan şəxs növbəti dəfə hakim önünə çıxarılıb. Bu işdə zərərçəkən şəxs sabiq icra hakimiyyəti başçısının qardaşı oğludur.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Xəyyam Balayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə iclasının əvvəlində Xəyyam Balayevin müdafiəçisi Amil Aslanov vəsatətlə çıxış edib.

Vəkil məhkəməyə iki vəsatət təqdim edib. İlk vəsatətdə vəkil müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib.

Müdafiəçi digər vəsatətində sübutlar siyahısında olan səs yazısının sübutlar siyahısından çıxarılmasını istəyib. Vəkil bunu belə əsaslandırıb ki, müdafiə etdiyi şəxs döyülüb və onu məcbur edərək səsini diktafona yazıblar.

Məhkəmə vəsatətləri təmin etməyib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs ifadə verib.

Xəyyam Balayev bildirib ki, uzun müddət bizneslə məşğul olub. O, bu işdə zərər gördüyünü deyən Yalçın Abdullayevi də bu vasitə ilə tanıyıb.

“Mən Elçin Əliyevlə steklavat alışı-satışı ilə məşğul olurdum. Mal bizə əsasən Türkiyədən göndərilirdi. Elçin Əliyev vasitəsi ilə Yalçın Abdullayevi tanıdım. Bir gün Dubaydan gələndə Yalçın Abdullayev özü mənə iş görməyi təklif elədi. Mən ona Elçin Əliyevlə işim haqda danışmamışdım. Onun özü məlumatlı idi və buna görə də təklifi o etdi. O bildirdi ki, steklavat işinə başlamaq istəyir. İş də bundan sonra görülüb. Ancaq alınan pul geri qaytarılıb. Verilən pulla iş görülüb, sonra da geri qaytarılıb. Pulu hissə-hissə almışam. 200 min, 100 min, 150 min. Mən bu gün də niyə, hansı səbəbə həbs edildiyimi bilmirəm” – deyə təqsirləndirilən şəxs bildirib.

Xəyyam Balayev bu işlə bağlı təzyiqlərə məruz qaldığını deyib. O bildirib ki, heç bir günahı olmadığı ibtidai istintaq zamanı sübuta yetirilib. Lakin uzun zaman ailəsinə və özünə təzyiqlər olub: “Mən sonda bezdim. Heç bir günahım olmadığı halda indi həbsdəyəm. Ailəmə, yaxınlarına təzyiqlər var. Özüm hədələnirəm”.

Təqsirləndirilən Xəyyam Balayev ifadəsində bildirib ki, cinayət işi materiallarında olan səs yazısı sübut sayıla bilməz: “Yalçın Abdullayev bir neçə nəfərlə məni dəmir boru ilə döyüb. Məcburi səsimi yazaraq mənim ona borclu olduğumu dedirtdirib. İndi həmin səs yazısı sübut kimi cinayət işi materiallarındadır”.

Suallara cavab verən X.Balayev steklavat alışı və satışı ilə bağlı dəqiq məlumatlar verə bilməyib. Ondan malı Türkiyədən kimdən və hansı şirkətdən aldığı soruşulduqda X.Balayev deyib ki, Bakıda Orxan adlı şəxs olub və pulu ona verərək Türkiyədən mal alırmış. Həmin Orxan adlı şəxslə indi əlaqəsi yoxdur. Balayev deyir ki, yaranan söz-söhbətlərdən sonra Orxanla əlaqəsi tamam kəsilib.

Qazaxıstanla da ticarət əlaqələrinin olduğunu deyən Xəyyam Balayev bu barədə də qısa danışıb. O bildirib ki, həmin ölkəyə də malı tanışları vasitəsi ilə göndərib və ticarəti tanışlıq vasitəsi ilə edib. O, birlikdə işlədiyi şəxslərin hansısa biri haqda dəqiq məlumat verməyib.

Sonuncu məhkəmə iclasında zərərçəkmiş Yalçın Abdullayev məhkəmə iclasında iştirak etməyib. Onu məhkəmədə nümayəndəsi təmsil edib.

Məhkəmə araşdırması davam etdirilir.

Qeyd edək ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Yalçın Sabir oğlu Abdullayev ərizə ilə Nərimanov rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 2015-ci ilin yanvar ayında Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyyam Nazim oğlu Balayev onun etibarından sui-istifadə edərək 965 000 ABŞ dollarını alaraq qaytarmayıb.

İstintaq orqanı tərəfindən Xəyyam Balayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, Y.Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Abdullayevin qardaşı oğludur.

Qeyd edək ki, məhkəmə prosesi başlayan zaman Xəyyam Balayev ev dustaqlığında idi. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri ləğv edilərək, həbs-qətimkan tədbiri ilə əvəzlənmişdi.

İlkin Muradov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA