intertv.az
intertv.az

Məmurlar Hövsan torpaqlarını su qiymətinə pay-püş edirlər – Reportaj

1-04-2019, 18:31 42 dəfə baxılıb

Məmurlar Hövsan torpaqlarını su qiymətinə pay-püş edirlər – Reportaj















Qəsəbənin əkin sahələri təyinatı dəyişmədən sotu 1500-2000 manatdan peşkəş edilir; yollar bərbad gündə, liftlər xarab, küçə itləri isə qorxunc mənzərə yaradıb…
Soğanı ilə məşhur olan Hövsanın sosial problemləri camaat üçün acı, göz yaşardan dərd-sərə çevrilib. Bakının 1793-cü ildə salınan bu qəsəbəsinin əhalisi əkin torpaqlarının təyinatının dəyişdirilmədən satılmasından narazılıq edir. Ötən həftəsonu kənddə olarkən yerli sakinlər bizə danışdılar ki, yüksək çinli məmurlardan birinin qohumu Hövsan torpaqlarını dəyər-dəyməz qiymətə peşkəş eləməkdədir.

Həmin şəxs bu ərazilərdə kəndxudalıq edərək torpağın sotunu 1500-2000 manatdan pay-püş edir. Sakinlər əkin sahələrini göstərərək deyirlər ki, hamısı bir-bir satılır, yerində fiziki şəxslər evlər tikirlər.

“O adam kimdirsə, məmur qohumunun adından sui-istifadə edir, Hövsanda “at oynadır”. Kənddə əkin sahələri azalır, çünki təyinatını dəyişməyib satırlar, bizim soğan əkməyə yerlərimiz qalmır” , – deyə hövsanlı Əli şikayətlənir. Onun sözlərinə görə, nə icra, nə bələdiyyə burada əsas söz sahibi deyil, söz sahibi həmin məmura yaxın adamdır: “Birdəfəlik desinlər ki, Hövsanda soğan əkməyə qoymayacağıq. Hər yer tikinti meydançasına çevrilib. Suraxanı İcra Hakimiyyəti Hövsanda boş yer qoymayıb. Vaxt var idi ki, qəsəbədə hektarlarla əkin sahələri adama ”gəl-gəl” deyirdi, indi getdikcə azalır. Sağ-sol təzə tikilən həyət evlərindən ibarətdir”.

Qəsəbədə “koneçni” deyilən ərazidə 5 hektar ərazi sotlara bölünərək sotu 2500-3000 manatdan satılıb. Amma Hövsanda məmurların və İH-nin əsas gəlirli biznesi dəniz yaxınlığında torpaqlarda 30-a yaxın villa tipli evlərin tikilərək satılması olub. Son illərdə 80-dən çox belə ev tikilərək satılıb. Həmin evlərin qiyməti isə 80 min manatdan başlayaraq müxtəlif qiymətlərə qədərdir.

Vaxtilə hövsanlıların əsas məşğuliyyət növü ovçuluq olub. Bundan başqa, hövsanlılar heyvandarlıq, quşçuluq və əkinçiliklə də məşğul olublar. Bu gün həmin məşğuliyyətlər tədricən aradan çıxır. Sakinlər qəsəbədəki avtobusun işləməsindən də gileylənirdilər. Onlar nəqliyyatın pis işləməsi ucbatından hər gün şəhərə işə gecikdiklərini deyirlər. Hövsanın yolları da bərbad vəziyyətdədir. Sakinlər dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, bir nəticəsi olmayıb. Yollarda avtomobillə də irəliləmək mümkün deyil, yağış yağan kimi bərbad duruma düşür. Çala-çuxur əlindən hərəkət etmək mümkün olmur.

Nəzərə alsaq ki, dövlət büdcəsindən hər il bələdiyyələrə kifayət qədər dotasiya ayrılır, amma bunun müqabilində ortada heç bir iş yoxdur. Bu da həmin yoldan ağır tonnajlı yük avtomobilinin keçməsi ilə əlaqədardır. Onlar yolları dağıdırlar. Mərkəzi yol tam dağılıb, dayanacaqlarda avtobus gözləmək mümkün olmur, çünki yağış sularını sərnişinlərin üstünə çiləyirlər. Bu da ona görədir ki, Hövsanın kanalizasiya sistemi yoxdur.

Sakinlər deyirlər ki, sahibsiz küçə itlərinin kütləvi şəkildə qəsəbədə yayılması da bir ayrı qorxunc problem yaradıb. Xüsusən də 280 və 281 saylı orta məktəblərin şagirdləri dərsə getməyə çətinlik çəkirlər. Bu problemi itləri güllələməklə həll etmək doğru yol deyil, onlar üçün sığınacaqlar tikilib. Bundan başqa, binaların qarşısındakı oturacaqlar, “besetka”lar da yaman gündədir. Nəzərə alsaq ki, üzü yaya doğru gedir, sakinlərin istirahəti üçün heç bir şərait, dincəlmək üçün bircə normal park yoxdur: “Hövsan kimi böyük qəsəbənin nə abad yolu var, nə yayda su tapa bilirik, nə uşaqların oynaması üçün yaxşı park salınıb. Elə bil, müharibədən çıxmış kənddir. Bir həftə idi su problemi yaşayırdıq. Yəni, yerli idarəetmə çox bərbaddır, Hövsan sahibsiz bir yerə çevrilib. Bura baxan yoxdur, qardaş. Məmurlar gözləyirlər ki, prezident gəlib tapşırıq versin? Onu bilirlər ki, torpaq satsınlar, qazansınlar. Bizi fikirləşən yoxdur ki, camaata normal marşrutlar verək, yolları düzəldək, əkin-biçinə köməklik göstərək. Bizim ən böyük dərdimizin biri də binalardakı köhnə, yararsız liftlərdir. Onlar tez-tez nasaz olur, öz cibimizdən xərc çəkib düzəldirik. Liftlər idarəsinə büdcədən pul ayrılır, amma bizim binaları təmir eləmirlər”.

Sakinlərin sözlərinə görə, iki ildən çoxdur Hövsan qəsəbəsində yeni yolun çəkilişi ilə bağlı ətrafda yerləşən evlərin söküləcəyi haqqında iddialar səslənir. Xüsusilə də Oqtay Şabanov küçəsinin sakinləri narahatlıq keçirirlər. Hətta onlar bir müddət öncə onların qeydiyyata alındığını da deyirlər. Amma bu günlərdə onlara müjdə verilib. Deyilib ki, Hövsan yolunun tikintisi ilə bağlı layihədə evlərin sökülməsi nəzərdə tutulmayıb.

Hövsanda olimpiya kompleksi olsa da, ödənişlidir deyə, gedənlər azdır. Gənclərin asudə vaxtını keçirməsi üçün olan stadion isə mal-qara otlağına çevrilib. Bir sözlə, Hövsanda insanların razı qaldığı bir məsələ yoxdur.

Onu da qeyd edək ki, Hövsana 1966-cı ildə qəsəbə statusu verilib. Abşeron yarımadasının cənubunda yerləşən Hövsanda 50 min nəfərədək əhali yaşayır. Hövsanın yerli əhalisi əsasən tatlar, muğanlılar və dağlılar olub. Qədim kənd 5 hissəyə bölünüb. Həmin ərazilər Təməniş, Fəraqət, Qala bazisi, Səngər, Əlcəyi adlanır. Son zamanlar Hövsan qəsəbəsinə rayonlardan köçənlərin və kirayə yaşayanların sayı artıb. Hövsanla bağlı maraqlı məlumatlar az deyil. Məsələn, qiblə göstəricisi – mehrab hövsanlı Axund Əhədin evində olub və indi məsciddə saxlanılır. Mehrab 1890-cı ildə tikilib. Hövsanda çoxlu sərdabələr, sandıq qəbirləri və hələ də yazısı oxunmamış daş kitabələr var. Hövsanın beş qəbiristanlığının hər birinin 150 ildən çox yaşı var. Qəsəbənin müxtəlif ərazilərində 20-dən çox bulaq, 6 ovdan olub.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunan qədim hamam hazırda fəaliyyət göstərməsə də, onun yaşının 300-350 il olduğu deyilir. Hövsan çoxlu sayda məşhur insanlar yetişdirib: general-mayor Soltan Qılmanov (ilk milis məktəbinin rəisi olub), general Mirzə Almasov (Cəmşid Naxçıvanski adına liseyin rəisi olub), SSRİ Xalq artisti, aktyor Mirzağa Əliyev, Azərbaycan Respublikasının Xalq artisti, aktrisa Bəsti Cəfərova, xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilov və s. Qarabağ müharibəsində hövsanlılar da çoxlu şəhid veriblər: Etibar Cəfərov, Tərlan Şükürov və başqaları kimi…

Məmurlar Hövsan torpaqlarını su qiymətinə pay-püş edirlər – Reportaj






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA