intertv.az
intertv.az

Gözyaşardıcı soğanın "yandıran" qiyməti — SƏBƏBLƏR və RƏSMİ AÇIQLAMA

28-03-2019, 00:18 56 dəfə baxılıb

Gözyaşardıcı soğanın "yandıran" qiyməti — SƏBƏBLƏR və RƏSMİ AÇIQLAMA















Son günlərdə Azərbaycanda soğanın qiymətinin birdən birə iki dəfə qalxması insanlarda ciddi narazıçılığa səbəb olub. Bu gözyaşardıcı məhsulun qiyməti də artıq “göz yaşartmağa” başlayıb. Yəni 50-70 qəpik civarında satılan soğanın birdən-birə iki dəfə bahalaşaraq 1.3-15 manat təşkil etməsi cəmiyyətdə insanların haqlı narazıçılıqlarına səbəb olub.
Bəziləri bunu ixracın artması, bəziləri qıtlıq, bəziləri isə süni qiymət artımı ilə əlaqələndirir.

Süni artım tərəfdarları deyir ki, ölkədə yetərincə soğan ehtiyatı var və bəzi qüvvələrə süni yolla məqsədyönlü şəkildə qiymət artırmaqla ölkədə narazıçılıq yaratmaq istəyirlər. Bu düşüncənin tərəfdarları hətta qeyd edirlər ki, topdan satış mərkəzlərində yetərincə soğan olsa da, onu xalqa ucuz qiymətə satmırlar. Soğanlar anbarda xarab olur, zibilə atırlar, ancaq ucuz qiymət satmırlar. Deyirlər ki, “itə atarıq, ancaq ucuz qiymətə satmarıq”.

Lakin ekspert Rövşən Ağayev isə Azərbaycanda soğanın kəskin bahalaşmasını nə qıtlıq, nə süni artımla əlaqələndirir. O, hesab edir ki, soğanın qiymətindəki kəskin artım son aylarda Türkiyədəki soğan qıtlığı və Azərbaycanın bu ölkəyə soğan ixtacatı ilə əlaqədardır.

“Ölkə.Az”a soğanın bahalaşmasının səbəblərini açıqlayan iqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, son 3-4 ayda Türkiyədə yaranan soğan qıtlığı hətta siyasi polemikaların əsas mövzusundan birinə çevrilib.

“Türkiyədə soğanın qiyməti Azərbaycan valyutası ilə 2,5 AZN-dək bahalaşdı. Bu da nəticədə Azərbaycanda soğanın bahalaşmasına gətirib çıxardı. Odur ki, Azərbaycanda soğanın bahalaşması qıtlıqla bağlı deyil, ixracatla bağlı olan məsələdir”, - deyə ekspert vurğulayıb.

Ekspert qeyd edib ki, bu gün Azərbaycan özünü nəinki təmin edəcək səviyyədə, ondan artıq miqdarda soğan istehsal edir.

“Bu gün Azərbaycanın quru soğana olan illik tələbatı 150-160 min ton civarındadır. Ancaq ildə Azərbaycanda 200 min tondan artıq soğan istehsal olunur. Bu bir daha məsələnin soğan qıtlığı ilə deyil, ixracatla bağlı olduğunu sübut edir. Düzdür, bu ilin ixracatı ilə bağlı hələlik konkret rəsmi açıqlama yoxdur. Ancaq 2018-ci ildə Azərbaycan dünya ölkələrinə 41 min ton soğan ixrac edib. Türkiyədə yaranan soğan qıtlığından sonra Azərbaycandan bu ölkəyə soğan ixracatı artdığından soğanın qiymətində bahalaşma baş verib. Mən bahalaşmanı bununla əlaqələndirirəm”, - deyə ekspert bildirib.
Kənd Təsrrüfatı Nazirliyi (KTN) yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə isə açıqlamasında soğanın qiymətindəki artımın əsas səbəbini bu ilin yaz mövsümündə Türkiyəyə soğan ixracının gözlənilməz şəkildə artması ilə izah edib. Nazirlik rəsmisi bildirib ki, adətən Azərbaycanda yanvar-mart ayları ərzində 2-3 min ton soğan ixrac olunurdusa, bu ilin 2 ayı ərzində 7300 ton soğan ixrac edilib:

“Ötən ilin eyni dövründə cəmi 1200 ton soğan ixrac olunmuşdu. Bu ilin 2 ayı ərzində ixrac edilən 7300 ton soğanın 5900 tonu Türkiyəyə göndərilib. Bu isə bazar şərtlərinə təsir edib”.

F.Fikrətzadə onu da qeyd edib ki, yaxın günlərdə soğanın qiymətinin ucuzlaşacağı gözlənilir:

"Soğanın qiymətindəki bahalaşma qısamüddətli bazar ajiotajıdır. Xatırlayırsınızsa, 2016-cı ildə Rusiya bazarlarına sanksiyalarla əlaqədar ixrac artmışdı. Amma həmin vaxt da bahalaşmada ixracın həcminin artımından çox ajiotaj daha böyük rol oynadı.
İndi hamı düşünür ki, soğan Türkiyəyə satılır deyə, qıtlıq olacaq. Amma hazırkı qiymət bahalaşması sırf Türkiyəyə soğan ixracının artımı ilə əlaqədar yaranmış ajiotajdan doğur. Ajiotaj səngiyən kimi, soğanın qiyməti əvvəlki həddində qərarlaşacaq.

Yaxın günlərdə soğanın qiymətinin mövsümün qiymət səviyyəsinə uyğun olacağını düşünürəm”.

F.Fikrətzadə bildirib ki, Türkiyəyə ixrac edilən soğan əsasən Beyləqan, Ağdam, Bərdə, Ağcabədi, Şəmkirdə istehsal edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA