Tarix : 24-09-2018, 11:34 | Bölmə: gundem, bolge, video |
Kürdəmirin baş həkimi “yola salınır?” - VİDEO














Əgər o, bir baş həkim olaraq baş verənlərdən xəbərdar ola bilmirsə, deməli Məhəmməd Musayev yerində olmayan vəzifə sahibidir

Bir neçə gün bundan öncə Azerinfo.az saytında Kürdəmir səhiyyəsinə rəhbərlik edən və yarıtmaz iş fəaliyyəti ilə tam əksəriyyətin qınaq obyektinə çevrilən Məhəmməd Musayevin qanunsuzluğa söykənən əməlləri barədə, müəyyən açıqlamalarla çıxış etmişdik. Yazıb onu da vurğulamışdıq ki, bu şəxs rəhbərlik etdiyi sahəni ona görə iflic etməyə çalışır ki, öz şəxsi məqsəd və maraqlarının həllinə nail ola bilsin. Belə bir səbəblər üzündən də, bu gün Kürdəmir səhiyyəsinə rəhbərlik edən Məhəmməd Musayev, məhz rəhbərlik etdiyi sahədə öz düşüncəsinə uyğun idarəçiliyini həyata keçirməkdədir. Tətbiq olunan idarəçilik də, adı çəkilən rayonun səhiyyə müəssisələrinin hər birində rüşvət amilinin tüğyan etməsinə səbəb olur. Yerli sakinlərin iddialarına görə, baş verən bütün iyrənc addımların təşəbbüskarı, məhz səhiyyə sahəsində “mükəmməl oyun qaydaları”nı oynamaqda peşəkar olan bu şəxs durur. Adı çəkilən vəzifə sahibinin idarəçiliyinin mahiyyətini sübuta yetirmək üçün, bir daha Kürdəmir rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən poliklinikanın rentgen şöbəsində həyata keçirilən və redaksiyamıza təqdim olunan çəkilişə diqqət yetirək.

Yaşananlarla bağlı bir daha onu vurğulaya bilərik ki, Məhəmməd Musayev rəhbərlik etdiyi səhiyyə müəssisələrində əməlli-başlıca “bazar açıb”. Çünki, adı çəkilən şöbənin müdiri Ağarza həkim bildirir ki, “yığdıqlarımız pulların hamısı bizə çatmır, daha çoxunu baş həkimə çatdırırıq. Yəni, biz faizə işləyirik, əgər hesablanmış məbləği ona verməsək, o halda baş həkim bizə işləməyə imkan verməz”. Biz ötən açıqlamamızda da vurğulamışdıq və təkrar bu mövzuya qayıtmaqla adı çəkilən şöbədə xəstələrin hansı yollarla “soyulmaları”na yenə də nəzər salaq. İlk əvvəl hansısa həkim xəstəni rentgen şöbəsinə göndərir və şöbənin xanım əməkdaşlardan biri xəstənin jurnalda müvafiq qeydiyyatını aparır, digər xanım isə aparılan qeydiyyata görə xəstədən 3 manat “rusum” tələb edir. Elə ki, xəstə rentgen olur, o halda onun xərci təqribən 15-30 manat civadında dəyişir və xanım əməkdaşlardan biri tələb olunan ödənişin tam ödənildiyini dəqiqləşdirdikdən sonra, rentgen kağızını şəxsin özünə verir. Əks halda xəstə problemlə üzü-üzə qalmalı olur. Onu da unutmaq olmaz ki, şöbədə xəstənin imkanlı, imkansız olmasına heç bir halda məhəl qoyulmur və tələb etdikləri “haqq-hesab”ı da alırlar. Xəstə rentgen olduqdan sonra o, onu göndərən həkimin yanına qayıtmır. Çünki, müxtəlif ixtisas sahibi olan həkimlərin vəzifə funksiyasını, elə rentgen şöbəsində müdir vəzifəsini daşıyan Ağarza həkimin özü yerinə yetirir. Əslində həmin vaxt rentgen olunan xəstə onu göndərən həkimin yanına qayıtmalı və həkim rentgen kağızına baxdıqdan sonra, xəstəyə müalicə yazmalıdır. Amma qeyd etdiyimiz kimi, müxtəlif ixtisas sahibi olan həkimlərin əvəzindən Ağarza həkim xəstələrə “resept” yazır, hətta yazdığı “resept”ə möhür də vurur. Sadaladıqlarımız belə bir faktlar həyata keçirilmiş çəkilişdə açıq-aydın sezilir.

Ümumiyyətlə, biz rentgen şöbəsində yaşananlarla bağlı problemlərin varlığına təkrar toxunmağa ona görə qərar verdik ki, Azərbaycan səhiyyəsinə üzqaralığı gətirən Məhəmməd Musayevin rəhbərlik etdiyi Kürdəmir səhiyyəsində yaşananları, bir daha hər kəsin diqqətinə çatdıra bilək. Çünki, bu günə kimi çoxsaylı media qurumlarında bu şəxsin yarıtmaz idarəçiliyindən bəhs olunan çoxsaylı tənqidi açıqlamalar dərc olunub, onun qol qoyduğu qanunsuzluqların görünən və bəlli olan tərəfləri hər kəsin diqqətinə də çatdırılıb.

İndi isə bizi narahat edən digər problemin varlığına toxunaq. Yəni, bir neçə gün bundan öncə dərc etdiyimiz açıqlamada Məhəmməd Musayevin yarıtmaz idarəçiliyinin mahiyyətini hər kəsin diqqətinə çatdırmaq üçün, redaksiyamıza təqdim olunan video-çəkilişi xəbər portalımızda yerləşdirdik. Əsas məqsədimiz, çatdırılan məlumatların həqiqət olmasını sübuta yetirmək idi. Diqqəti cəlb edən hal o oldu ki, redaksiyamıza çatdırılan məlumatları dərc etməklə bərabər, həm də yaşananlarla bağlı bir çox qurumlara, o cümlədən Səhiyyə Nazirliyinə də rəsmi məktublar ünvanladıq. Düzdür, ünvanlanan məktublarla bağlı Səhiyyə Nazirliyi tərəfindən müəyyən araşdırmalar aparılır, hətta 06 oktyabr 2017-ci il tarixdə, saat 16:30-da xəbər portalının baş direktoru adı çəkilən nazirliyə dəvət olunaraq, ondan işıq üzü görən məqalədə yazılanlarla bağlı yazılı izahat da alınır. Ümumi söz-söhbət zamanı nazirlik rəsmiləri də, Kürdəmir səhiyyəsində yaşananlara haqq qazandırmadıqlarını dolayı yollarla olsa da ifadə edirlər. Bütün bunların fonunda onu vurğulamaq istəyirik ki, aparılan araşdırmalar müəyyən mənada qaneedici olsa da, qane etməyən addımlar isə, baş həkimin qol qoyduğu əməllərə görə cəzalandırılmamasıdır. Çünki, biz baş verən hər bir qanunsuzluğun başında Məhəmməd Musayevin durduğunu dəfələrlə vurğulamışıq. Bu gün isə, baş həkim özünü “sudan quru çıxarır”. Biz Bakı şəhərində oluruq və Kürdəmir səhiyyəsində baş alıb gedən qanunsuzluqlarlla bağlı lazımi məlumatları da əldə edə bilirik. O halda sual oluna bilər ki, bəyəm baş həkim də gündəlik Bakı şəhərində olur ki, yaşananlarla bağlı xəbərdar ola bilmir? Əgər o, bir baş həkim olaraq baş verənlərdən xəbərdar ola bilmirsə, deməli Məhəmməd Musayevin yerində olmayan vəzifə sahibidir.

Aparılan araşdırmalardan sonra, retgen şöbəsinin müdiri Ağarza həkimə rəhbərlik tərəfindən töhmətin verilməsi açıq-aydın şəkildə onu sübut edir ki, rəhbərlik həqiqətin üzə çıxarılmasında heç də maraqlı deyil. Necə olur ki, Məhəmməd Musayev rəhbərlik etdiyi sahəni iflic edir, “kolxoz bazarı”na çevirir, vəzifə səlahiyyətindən sui-istifadə edərək şöbə müdirlərini faizə işləməyə məcbur edir, məqamı çatanda isə məsuliyyətdən kənarda qalır. Əslində həmin töhmət birbaşa baş həkimə verilməli və o daşıdığı vəzifəsindən uzaqlaşdırılmaqla bərabər, qol qoyulan qanunsuzluqlara görə məsuliyyətə də cəlb olunmalı idi. Məhəmməd Musayevə qarşı lazımi addımların atılmaması, yəqin ki, onu növbəti qanunsuzluqlara imza atmağa vadar edəcək.

Amma, o məqamı da unutmuruq ki, bu gün yeniləşən Azərbaycan səhiyyəsində belə əməl sahibi olanlara yer yoxdur. Ona görə də inanırıq ki, cənab Oqtay Şirəliyev çox yaxın vaxtlarda bu şəxsin əməllərinin “saf-çürük” edilməsi üzrə aidiyyəti üzrə tapşırıqlarını verib, onun “yola salınmasına” da qərar verəcək.

Mövzunu diqqətdə saxlayacağıq.

Azerinfo.az
(Reytinq:0)