Tarix : 10-08-2018, 12:01 | Bölmə: sosial |
Ramil İsmayılov Səbail RPİ əməkdaşlarının qurduqları oyunun “qurbanı olub”















Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev demişdi: “Dövlət iki halda sarsıla bilər, günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”

28 mart 2018-ci il tarixdə respublikamızda yayımlanan bəzi televiziya kanallarında Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi-24 ünvanda müvəqqəti qeydiyyatda olan məcburi köçkün İsmayılov Ramil Rəhbər oğlunun külli miqdarda narkotik maddə olan heroini satarkən, Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən adı çəkilən rayonun 20-ci sahə adlanan ərazisində saxlanılması barədə xəbərlər yayılmışdı. Yayılan ilk xəbərlərdə Ramil İsmayılovun ümumi çəkisi 2 kq 200 qram çəkidə, dəyəri isə 11 min manat olan narkotik maddələri, əvvəllər tanımadığı İran İslam Respublikasının vətəndaşından Biləsuvar rayon ərazisində aldığı bildirilirdi. Məsələnin maraqlı tərəfi odur ki, ilk yayımlanan xəbərlərdə qeyd olunurdu ki, Ramil İsmayılovun narkotik maddə olan heroini satması barədə məlumatlar, həmin gün polis əməkdaşlarına əvvəlcədən daxil olubmuş. Təqsirləndirilən şəxs də, 28 mart 2018-ci il tarixdə saat təqribən 12-13 radələrində saxlanılır. Bundan əlavə, yayımlanan xəbərlərdə o da qeyd olunur ki, guya Ramil İsmayılov əvvəllər də oxşar əməllərinə görə məhbəs həyatı yaşayıb. Əslində bu heç də belə olmayıb və adı çəkilən şəxs saxlanıldığı günə kimi heç vaxt məhbəs həyatı yaşamayıb.



Elə ki, Ramil İsmayılovun saxlanılması barədə bəzi televiziya kanallarında xəbərlər yayımlandı, o zaman belə bir olayla bağlı məlumatlar bizi də maraqlandırdı və təqribən iki-üç gündən sonra, adı çəkilən şəxsin yaşadığı ünvana üz tutduq. Biz Ramilgilin ailə üzvlərinə məxsus mənzildə olub mövzu ətrafında maraqlanarkən, çox keçmədi ki, həmin mənzilə Ramil İsmayılovun yaxın qonşuları, onu tanıyan dost-tanışları və digər şəxslər də gəldilər. Düzdür, ilk əvvəl olayın necə baş verməsi haqda dəqiq məlumata malik olmadığımızdan, mövzu ətrafında nəsə danışmağa çətinlik çəkdik. Elə ki, əslən Şəki rayonundan olan və saxlanılan şəxsgilin qonşuluğunda yaşayan Rəhman adlı şəxs hadisənin necə baş verməsini tam təfərrüatı ilə danışdı, o halda hər kəs sanki şoka düşdü. Çünki, bu şəxsin danışdıqları televiziya kanallarında yayımlanan xəbərləri tamamilə inkar edirdi.

Rəhman açıqladı ki, 28 mart 2018-ci il tarixdə Ramil İsmayılov nahar fasiləsinə yaxın vaxtlarda yanıma gəldi və “Evimizdə təmir işləri getdiyindən köməyə ehtiyacımız var” dedi. Düzdür, mən həmin an onlara köməklik etmək haqda qərarımı verdim, o zaman yanıma əslən Şəki rayonundan olan Yusif adlı bir şəxs də gəldi. Mən əvvəllər onu tanımasam da, o, üç-dörd gün idi ki, bir yerli olaraq mənimlə xoş münasibət yaratmaq məqsədilə yanıma gəlib-gedirdi. Ramil İsmayılov yanımda olarkən, Yusif mənə “Tanıdığım dostumla görüşüb ona məxsus avtomobillə rayona getməliyəm, vaxt tapın və məni Səbail rayonunun 20-ci sahə adlanan ərazisində rayona yola salın” dedi. Biz razı olduğumuzu bildirdikdə o, “Mənim evdə sumkam qalıb, onu da götürüb sonra gedək” dedi. Biz onunla birlikdə Papanin yaşayış məntəqəsinin yaxınlığındakı evə getdik və Yusif yaşadığı evdən sumkanı götürüb çıxdı. Çox keçmədi ki, hər üçümüz 20-ci sahə adlanan əraziyə çatdıq. İlk olaraq mən və Yusif taksidən düşdük. Dərhal Yusifə bildirdim ki, məndə pul yoxdur, sən taksinin gediş haqqını ödə deyib, yan tərəfdəki kafeyə üz tutdum. Həmin vaxt Yusif əlindəki sumkanı Ramilə verir və “Sən bu sumkanı saxla, mən taksinin pulunu ödəyib yanına gəlirəm” deyir. O halda Ramil Yusifin ona verdiyi sumkanı əlində saxlayır və bir qədər kənara çəkilərək onu gözləməli olur. Çox keçmir ki, polis əməkdaşları Ramil İsmayılova yaxınlaşıb onu həbs edirlər. Belə olan halda Yusif mən olduğum kafeyə daxil oldu və “Ramili həbs etdilər, dur qaç” deyərək gözdən itdi. Nə qədər axtarsam da nə Ramili, nə də ki, Yusifi tapa bilmədim və sonda məcbur olub evimizə qayıtdım”. Baş verən hadisə ilə bağlı Rəhman adlı şəxsin danışdıqları bunlar oldu.



Bir neçə gündən sonra isə, Rəhman, anası və baldızı redaksiyamıza bir neçə dəfə zəng edərək bizimlə bir daha görüşmək qərarında olduqlarını bildirdilər. Səbəbini soruşduqda isə, onlar “Biz istəyirik ki, baş verənlərlə bağlı ekran qarşısında canlı açıqlama verək, yaşanan problemlərin mahiyyəti sosial mediada işıqlandırılsın. Yəni, Rəhmanla bağlı söz-söhbətlər, müəyyən şübhələr aradan qaldırılsın və əsl həqiqətlər hər kəsə bəlli olsun” dedikdə, ilk əvvəl razı olsaq da, sonra fikirimizdən daşındıq. Çünki, düşündük ki, müəyyən çevrə bizim Ramil İsmayılovla yaxınlığımızdan sui-istifadə edər və məsələlərin mahiyyətini başqa səmtə də yönəldə bilər. Elə ki, qarşı tərəf israrından dönmədi, o halda məcbur olub onları həmkar yoldaşlarımızdan biri ilə əlaqələndirdik. Həmin şəxs anasının və baldızının yanında Rəhmanın canlı danışdıqlarını lentə alıb, həyata keçirdiyi çəkilişi bizə təqdim etdi. Düzdür, ilk əvvəl həyata keçirilmiş çəkilişi yayımlamaq istəmədik. Çünki, hesab etdik ki, yaşanan olayla bağlı istintaq orqanları tərəfindən araşdırmalar aparılır. Yəni, dövlət qurumlarının səlahiyyətli şəxsləri tərəfindən atılan addımların mahiyyətini açıqlamaq istəmədik. Məhz, ona görə ki, ictimai fikirdə fərqli məqamlar da formalaşa bilərdi.

Onu da bildirək ki, Ramil İsmayılovla bağlı bəzi məlumatları dəqiqləşdirərkən o da bəlli oldu ki, adı çəkilən şəxs uzun illər ərzində işsiz-gücsüz olduğundan, o, olduqca imkansız bir şəxs olub. Yəni, bu şəxsin harasa getməsi, kiminləsə alış-veriş etməsi, 11 min manat məbləğində pula sahib olması və s. haqda yayılan xəbərlər fantaziyadan başqa bir şey deyil. Amma, o halı da dəqiqləşdirə bildik ki, Ramil İsmayılov xəstə olduğundan, o arabir narkotik maddələrdən istifadə edən şəxs olub. Bugünkü araşdırmaların varlığına gəldikdə, o halı da müəyyənləşdirə bilmişik ki, Ramil İsmayılovun narkotik tərkibli maddə olan heroini Biləsuvarda tanımadığı İran İslam Respublikasının vətəndaşından alması faktı iş materiallarından çıxarılıb. Bu cür addımların varlığı, məhz onu söyləməyə əsas verir ki, Ramil İsmayılov Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “tora salınır” və hansısa şəxsin əvəzinə “qurban da verilir”. Bu cür addımlar da haqsızlıqdan və ədalətsizlikdən başqa bir şey deyil. Yəni, yaşanan olayla bağlı televiziya kanallarında, ayrı-ayrı media qurumlarında yayılan ilk xəbərlər öz təsdiqini tapmır. Bu da ortaya çoxsaylı sualların çıxmasına səbəb olur. Necə olur ki, Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dövriyyəyə ilk məlumatlar ötürülür, sonra da verilmiş məlumtlar əsasında bəzi faktlar iş materiallarından çıxarılır.

Onu da qeyd edək ki, elə ki, yaşanan olayla bağlı tərəfimizdən araşdırmalar apardıq və bu haqda Səbail RPİ, İstintaq şöbəsinin müstəntiqi Hənifə müəllim xəbərdar oldu, o halda o, bizi idarəyə dəvət edib “Sosial mediada hər hansı açıqlama yaymağa ehtiyac yoxdur. Ramil İsmayılovun həbsi ilə bağlı məsələlərə gəlincə isə onu qeyd edim ki, bu yöndə araşdırmalar yekunlaşmaq üzrədir və çox yaxın vaxtlarda toplanmış iş materiallarına xitam veriləcək” dedi. Düzdür, biz Hənifə müəllimin danışdıqlarına inandıq, amma sonra bəlli oldu ki, toplanmış iş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hal-hazırda da Ramil İsmayılovun həbsi ilə bağlı məhkəmə araşdırmaları davam etdirilməkdədir.

Biz Azərbaycan qanunlarının aliliyinə inanaraq, yaşanan olayın varlığını son anda gündəmə gətirməyə məcbur olduq. İnanırıq ki, respublikamızın hüquq-mühafizə orqanlarının rəhbərliyində duran, çox hörmətli cənab Zakir Qaralovla bərabər, cənab Ramil Usubov da problemin varlığını diqqətdə saxlayıb, işin hallarının qanuni əsaslarla araşdırılması yöndə lazımi tapşırıqlarını verəcəklər. Çünki, möhtərəm Prezidentimizin əsas amalı hər kəsin hüququna, şərəfli vətəndaş ləyaqətinə hörmətlə yanaşmaq, demokratik dəyərlərə söykənən bir cəmiyyət qurmaqdır.

Səbail RPİ əməkdaşlarının qurduqları oyunun “qurbanı olan” Ramil İsmayılovun himayəsində ikiazyaşlı övladı var. Bu gün adı çəkilən şəxsin istər iki azyaşlı övladlarının, istərsə də ağbirçək anasının axan göz yaşları qurumadığından, biz haqqın-ədalətin qələbə çalacağına inanırıq.

Mövzu diqqətimizdədir.
(Reytinq:0)