Tarix : 24-07-2018, 11:42 | Bölmə: gundem, sosial |
Respublika Klinik Xəstəxanasının laboratiyası korrupsiya yuvasına çevrilib...Prezidentin nəzərinə















Azərbaycan vətəndaşlarının ən çox şikayət etdiyi sahələrdən biri də səhiyyə sistemidir. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının problemləri bu gün ölkə ictimaiyyətini narahat edən ən aktual məsələlərdən biridir. Təbii ki, bu aktuallığı şərtləndirən ən vacib cəhət xəstəxanada baş verənlərin vətəndaşlarımızın həm fiziki, həm də mənəvi durumlarına bilavasitə təsir etməsidir. Ölkənin bu ən böyük tibb müəssisəsində baş verənləri isə heç də proqressiv və ürəkaçan hallar kimi qiymətləndirmək olmaz.

Bu Hamletsayağı sual Klinik Xəstəxananın giriş qapılarından içəri daxil olduğu andan, buranı sağ-salamat (əgər müyəssər olarsa) tərk edənə qədər hər bir vətəndaşın beynini dələn əsas suala çevrilir. Bəlkə də kiməsə belə bir sualın ciddi problem formasında ortaya qoyulması gülünc görünə bilər. Amma bu zaman əminliklə demək olar ki, həmin insanın nə özünün, nə də yaxınlarının səhhətində heç bir problem yaşanmır. Əlbəttə, əgər siz Respublika Klinik Xəstəxanasında müayinə olunmaq və ya müalicə almaq məcburiyyətində deyilsinizsə, bu zaman korrupsiya və rüşvətxorluğa qarşı istənilən şüarı da cəsarətlə irəli sürə bilərsiniz.

Əks halda isə... Əks halda isə əliniz cibinizdə, diliniz də boğazınızda olmalıdır. Hərçənd üçüncü, alternativ variant da var – xəstəniz qucağınızda qala bilər. Klinik xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət baş alıb gedir. Liftlə qalxmaq üçün 40 qəpik, ayaqyoluna getmək üçün isə 20 qəpik ödəməlisən. Xəstəxananın giriş-çıxış qapısında da rüşvətsiz ötüşmək olmur. Belə ki, xəstəxananın həyətindən çıxan maşınlardan 1-2 manat alan mühafizəçi heç də həkimlərdən geri qalmır. Amma bunlar hələ necə deyərlər, içəridə təqdim olunan əsil tamaşanın sadəcə üvertyurasıdır.


Ölkənin ən böyük tibb müəssisələrindən biri rüşvət yuvası kimi fəaliyyətini davam etdirir. Reanimasiya otağında xəstəyə yaxşı nəzarət olunmağın yolu var; həkimə gündəlik azı 20 manat verməlisən. Tibb bacıları da şəbəkəyə daxildir. Onlara da 5-10, sanitara 3-4 manat verilməlidir. Kim zobdan müayinə olunmaq istəyirsə 20 manat ödəməlidir. Qadınlarda daxili orqanların kompleks müayinəsi isə 100 manata başa gəlir. Bundan başqa burada qanın ümumi analizi 40 manatdır. Qanda qlükozanın müəyyən olunması 5, sidiyin ümumi analizi 10, böyrək analizləri 35, QİÇS analizi 10, adi həkim müayinəsi 25, professor müayinəsi 70, ginekoloji yoxlanma 50 manata başa gəlir. Deyirlər ki, döş qəfəsinin rentgeni üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 160 manatdır. Doğum şöbəsinin təyin etdiyi qiymət cədvəli isə vətəndaşlarda sancılanma yaradır. Qeysəriyyə əməliyyatına hazırlaşanlar 800 manat ödəməlidir.

Əslində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yer almış müxtəlif neqativ hallar, bu tibb müəssisəsində baş verən çeşidli qanun pozuntuları barədə uzun-uzadı danışmaq da olar, yazmaq da. Amma etiraf etməliyik ki, bəzi konkret hadisələri çıxmaq şərtilə, biz bu tibb müəssisəsinin fəaliyyətinə dair heç bir yeni məlumat təqdim etmiş olmadıq. Bu gün Respublika Klinik Xəstəxanasında cərəyan edən hadisələrdən cəmiyyətimizin böyük əksəriyyəti xəbərdardır. Ehtimal etmək olar ki, elə Səhiyyə Nazirliyinin rəhbərliyi də məhz bu əksəriyyətə aiddir. Bəs onda görəsən, bu rüsvayçılığın qarşısını almaq üçün daha nəyi və nə qədər gözləməli olacağıq? Mövzuya yenidən qayıdacağıq.

P.S. Mehbarə xanımın xəstədən aldığı 40 manat rüşvətin görüntüləri var...Yaxın zamanda yayımlanacaq....Sürəti Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndəriləcək.
(Reytinq:0)