Tarix : 10-07-2018, 08:08 | Bölmə: sosial |
ABŞERONDA “ESKA” MMC-NIN RƏHBƏRLIYI ABDULLAYEVAGILIN AILƏ ÜZVLƏRINI “GÖZÜMÇIXDIYA” SALIBLAR—ŞOK İTTİHAM/VIDEO















Mətanət Abdullayeva: “Bütün bunların qarşılığında tikinti şirkətinə rəhbərlik edən şəxslər cəmi 90 min AZN ödəməlkə, bizi “yola vermək” istəyirlər”

Bir neçə gün bundan əvvəl Qax rayonu, Əmbərçay kənd sakini Abdullayeva Mətanət İsa qızı redaksiyamıza müraciət edərək, həm üz-üzə qaldıqları problemin ictimailəşdirilməsini, həm də onun həllinə köməklik etməyimizi xahiş etmişdi. Şikayətçi xanım yazmış olduğu müraciətində qeyd edir ki, “Mən 29 sentyabr 2000-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi ev-85, mən-31 ünvanda yaşayan 2-ci qrup əlil Tarıverdiyeva Minarə Xəlifə qızına, Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 18 sentyabr 2000-ci il tarixli, 1350 saylı qərarı ilə, Xocəsən qəsəbəsi ərazisində verilmiş 0,06 hektar torpaq sahəsini, sonuncu şəxsdən etibarnamə əsasında almışdım. Minarə Tarıverdiyeva 12 aprel 2003-cü il tarixdə dünyasını dəyişdiyindən, həmin torpaq sahəsinə aid onunla alqı-satqı müqaviləsi bağlamaq mümkün olmamışdı. Buna baxmayaraq, bir müddət keçdikdən sonra həmin torpaq sahəsi üzərində şəxsi vəsaitimiz hesabına 30 kvm-lik yaşayış sahəsi, 15 kvm-lik isə köməkçi hissədən ibarət birmərtəbəli fərdi yaşayış evi inşa etdirdik. Həmin vaxtlardan həm torpaq vergisini, həm də kommunal xidmətləri ödədik, eyni zamanda ümumi sahəsi 45 kvm-lik olan evimizin eskiz layihəsini Abşeron rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və tikinti şöbəsində də təsdiq etdirdik. Onu da bildirim ki, həmin torpaq sahəsi əvvəllər Binəqədi rayonu ərazisinə aid olsa da, bugünkü gündə faktiki olaraq Abşeron rayonuna məxsusdur. Düzdür, ilk əvvəllər istifadəmizdə olan 0,06 hektar torpaq sahəsinə və şəxsi vəsaitimiz hesabına inşa etdiyimiz 45 kvm-lik tikili üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd əldə edə bilməmişdik. Ona görə də belə bir problemin həlli ilə bağlı, hələ bir neçə il bundan əvvəl Abşeron rayon Məhkəməsinə müraciət etməli olduq. Keçirilən məhkəmə prosesləri zamanı şahid qismində dindirilən hər kəs vermiş olduğu ifadəsində, həmin torpaq sahəsini Tarıverdiyeva Minarə Xəlifə qızından aldığımı, eyni zamanda inşa olunan tikilinin şəxsi vəsaitimiz hesabına tikilməsini də təsdiq etdilər. Bundan əlavə, torpaq vergisi və kommunal xidmətlərə görə ödəmiş olduğumuz qəbzləri məhkəməyə təqdim etdim və bunlar da keçirilən məhkəmə prosesləri zamanı əsas götürüldü. 27 dekabr 2007-ci il tarixdə hakim Səmədov Əşir Rəşid oğlunun sədrliyi ilə keçirilən (iş-2-678/2007) proses zamanı, Azərbaycan Respublikası adından qətnamə çıxarıldı. Qətnamədə qeyd olundu ki, “Abdullayeva Mətanət İsa qızının Abşeron rayonu, Xırdalan şəhəri, Z.Tağıyev küçəsi-2 ünvanda yerləşən, ümumi yaşayış sahəsi 45 kvm olan yaşayış evi və 0,06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınsın və həmin əmlak DƏDRX, Abşeron rayon ərazi idarəsi tərəfindən dövlət reyestrində də qeydə alınsın”. Sözsüz ki, çıxarılmış məhkəmə qətnaməsi qanuni əsaslara söykənərək çıxarılmışdı.

Onu da bildirim ki, hələ bir neçə il bundan əvvəldən başlayaraq yaşadığımız evin lap yaxınlığında “ESKA” MMC-i tərəfindən hündür mərtəbəli yaşayış binası inşa olunmağa başlandı. Düzdür, bu gün həmin binanın əksər mənzillərində yaşayış olsa da, aşağı mərtəbəsinin müəyyən hissələrində hələ də təmir işləri davam etdirilməkdədir. Hal-hazırda adı çəkilən MMC-nin rəhbərliyi bizi yaşadığımız evdən çıxartmaq istəyir və bu məqsədlə bizə kompensasiya olaraq cəmi 90 min AZN ödəmək fikirindədir. Biz də belə bir təklifi heç cür qəbul etmirik. Çünki, yuxarıda qeyd etdiyim kimi lazımi sənədlər əsasında 45 kvm-lik yaşayış evimiz və 0,06 hektar torpaq sahəmiz var. Hələ bundan əlavə, həmin ərazidə bir neçə il bundan əvvəl şəxsi vəsaitimiz hesabına inşa etdiyimiz və ümumi sahəsi təqribən 120 kvm-lik fərdi yaşayış evlərimiz də var. Bütün bunların qarşılığında tikinti şirkətinə rəhbərlik edən şəxslər cəmi 90 min AZN ödəməlkə, bizi “yola vermək” istəyirlər. Halbuki yaşadığımız ərazidə 1 sot torpaq sahəsinin qiyməti, təqribən 30-35 min manat civarındadır. Bu belə olduğu halda, biz “ESKA” MMC-i tərəfindən təklif olunan 90 min manat məbləğə necə razı ola bilərik? Bu ədalətsizlik deyilmi? Tutaq ki, həmin məbləğə razı olduq, o halda biz iki və ya üç otaqlı mənzil ala bilərikmi? Əsla yox! Çünki, bugünkü bazar qiymətləri buna heç cür imkan vermir. Hazırda qarşı tərəf bizi yaşadığımız evdən çıxartmaq üçün, müxtəlif üsullara da əl atırlar. Belə ki, onlar yuxarı mərtəbələrdən üstümüzə zirdzibil atdırırlar, səs-küy saldırırlar, dolayısı yolla desək, bezdirib çıxartmaq istəyirlər. Biz isə əmlakımızın dəyərini ümumi bazar qiyməti ilə hesablaşıb çıxmaq fikirindəyik. Necə olur ki, ölkə rəhbəri cənab İlham Əliyev tikinti işləri ilə məşğul olanlara da “Sadə vətəndaşları incitmək olmaz, onların qanuni problemləri danışıqlar əsasında, razılaşdırılmış qaydada həll olunmalıdır” deyə ciddi tapşırıqlarını verir. Amma “ESKA” MMC-nin rəhbərliyində duran şəxslər isə, ölkə rəhbərinin vermiş olduğu tapşırıqlara məhəl belə qoymurlar. O halda həmin şəxslərin atdıqları addımlara nə ad vermək olar?

Bu gün tikinti şirkətinin rəhbərliyində duranlar atdıqları addımları ilə, məhz dərdimizin üstünə yeni bir dərd də gətirməkdədir. Çünki, mən “qəlbidağlı” bir qadınam. Buna da əsas səbəb, 28 avqust 2007-ci il tarixdə 1962-ci il təvəllüdlü həyat yoldaşım mərhum Əhmədov Aydın Rəsul oğlunu erkən itirməyimdir. Belə ki, o, 2007-ci ildə Yasamal rayonu ərazisində tikintisi tam başa çatmamış binada fəhlə işləyirdi və bina uçarkən, o da uçqun altında qalaraq dünyasını dəyişdi. Həyat yoldaşımı itirərkən himayəmdə iki azyaşlı övladım var idi. Düzdür, onları minbir əzab-əziyyətlə boya-başa çatdırdım. Buna da səbəb, səhhətimdə əmələ gələn problemlərin varlığı və heç bir əmək fəaliyyəti ilə məşğul olmamağım oldu. Bu gün isə, “ESKA” MMC-nin rəhbərliyində duran şəxslər tərəfindən “sıxma-boğma”ya salınmağımız dərdimizin üstünə yeni bir dərd gətirməkdədir. Biz başa düşə bilmirk ki, bunlar bizdən nə istəyirlər? Ona görə də ölkə rəhbəri cənab İlham Əliyevdən, 1-ci vitse-prezident Mehriban xanım Əliyevadan və digər vəzifə sahiblərindən üz-üzə qaldığımız belə bir problemin həllində bizə köməklik göstərmələrini xahiş edirik. İnanırıq ki, adı çəkilən vəzifə sahiblərinin məsələlərə müdaxilələri, üz-üzə qaldığımız problemin ədalətli həlli ilə nəticələnəcək”.

Biz də bir redaksiya olaraq yaşanan problemin varlığı ilə maraqlandıqda bəlli olan o oldu ki, həqiqətən də Abdullayeva Mətanət İsa qızıgilin ailə üzvlərinə edilən təklif ədalətsiz bir təklifdir. Çünki bugünkü bazar qiymətlərinə görə, “ESKA” MMC-nin rəhbərliyi tərəfindən 0,06 hektar torpaq sahəsinə və 45 kvm-lik fərdi yaşayış evinə görə təklif olunan 90 min manat məbləğ pul olduqca ucuz bir qiymətdir. Odur ki, belə bir problemin ədalətli həlli tərəflər arasında əldə olunacaq razılaşmadan asılı olacaq.

Mövzunu diqqətdə saxlayacağıq.


(Reytinq:0)